Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ BEYNƏLXALQ LAYİHƏLƏRDƏ UĞURLA TƏMSİL OLUNUR

17.04.2017

Yarım əsrlik bir tarixə malik Naxçıvan Dövlət Universitetinin inkişaf yolunda Avropa ölkələrinin ali təhsil sistemlərinə inteqrasiya və Avropa ali təhsil məkanının müasir tələblərinə uyğun formalaşmaq mühüm əhəmiyyət kəsb edir. Bu ali təhsil ocağı dünyanın 80-dən çox tanınmış universiteti ilə sıx əməkdaşlıq etməklə yanaşı TEMPUS proqramı çərçivəsində həyata keçirilən bır sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Naxçıvan Dövlət Universitetinin tərəfdaşı olduğu Erasmus + proqramında isə Avropa təhsil prosesini özündə əks etdirməklə tərəfdaş ölkələrdəki təhsil məssisələri ilə Avropadakı universitetlər arasında əməkdaşlığı inkişaf etdirmək nəzərdə tutulur. Təhsildə Avropa standartlarına dair qarşılıqlı təcrübə mübadiləsi, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi və digər məsələlər bu layihə üzrə əməkdaşlığın prioritet istiqamətləridir.

Bu yaxınlarda Erasmus+ “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“Advocacy Establishment for Students through Ombudsman Position” –AESOP) layihəsi çərçivəsində layihənin regional tərəfdaşları arasında keçirilən görüşdə Naxçıvan Dövlət Universiteti də tərəfdaş kimi təmsil olunub. Layihənin Xəzər Universitetində reallaşan ilk görüşundə Gürcüstan və Ukrayna universitetləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfdaş kimi iştirak ediblər. Görüş zamanı nümayəndələr ehtiyacların qiymətləndirilməsi mövzusunda universitetlərdə aparılan sorğuların nəticələri haqqında məlumat veriblər. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova görüşdə iştirak edərək sorğu nəticələri haqqında məlumat veriblər.

AESOP Erasmus+ layihəsi iştirakçılarının növbəti görüşü isə Varşava şəhərində baş tutub. Layihənin regional tərəfdaşlarının bu görüşünün əsas məqsədi Varşava Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların təcrübələrini öyrənməkdən ibarətdir. Görüşdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Seymur Talıbov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova və İngilis dili və tərcüməsi kafedrasının müdiri Ceyran Quliyeva iştirak ediblər. Görüşdə beynəlxalq əməkdaşlıqla bağlı müzakirələr aparılıb.