Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN 50 İLLİK YUBİLEYİ CULFA ŞƏHƏRİNDƏ QEYD OLUNUB

19.04.2017

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi Culfa şəhərində qeyd olunub.

Culfa şəhər təhsil işçiləri, müəllim və tələbələrinin qatıldığı tədbiri Rayon Təhsil Şöbəsinin müdiri Adəm Qasımov açıb. O, özünün də məzunu olduğu universitet haqqında xatirələrini bölüşüb. Vurğulayıb ki, Culfa rayonu və kəndlərindəki müəllimlərin, ziyalı və dövlət məmurlarının bir çoxu məhz Naxçıvan Dövlət Universitetinin yetirməsidir.

Universitetin Elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyev rektor, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmovun salamlarını iştirakçılara çatdırıb. Qeyd edib ki, 1967-ci ildə 3 ixtisasla Azərbaycan Pedaqoji İnstitunun filialı kimi fəaliyyətə başlayan, dərin köklərə malik universitet hazırda 57 ixisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılan və dünyaya inteqrasiya edən ali təhsil ocaqlarından biridir. Burada güclü maddi-texniki baza, elektron sənəd dövriyyəsi, elektron təhsil şəbəkəsi və 108 hektar kampusu əhatə edən 100 Mb/san sürətli Wi-Fi internet şəbəkəsi mövcuddur.

Qeyd olunub ki, universitetdə müasir İnformasiya-Kommunikasiya Texnologiyaları mərkəzi, Media Mərkəzi, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Baytarlıq Təbabəti Klinikası, Olimpiya İdman mərkəzi, Tələbə evi və digər struktur qurulmlar fəaliyyət göstərir. Azərbaycanda ilk Elektron Kitabxana da burda yaradılıb. Prorektor vurğulayıb ki, bir neçə ildir ki, imtahanlar elektron qaydada keçirilir. Bu isə imtahanların şəffaf keçirilməsinə bariz nümunədir. Son yeniliklərin tətbiqi ilə universitet əməkdaşlarının 400-dən artıq kitabı, 5000-ə yaxın məqaləsi işıq üzü görüb. Məqalələrin 400-ü xaricdə nüfuzlu jurnallarda dərc edilib. Yüzlərlə elmi-tədqiqat işlərinin 70%-i doğma Naxçıvanın öyrənilməsinə həsr olunub. Naxçıvan Dövlət Universiteti 80-dən çox xarici universitetlə müəllim-tələbə mobilliyi həyata keçirir, müəllim və tələbələrin xarici universitetlərdə seminar, treninq və kurslarda iştirakı təmin olunur. 10-dan çox xarici ölkədən 360-dan artıq tələbə universitetdə təhsil alır.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor,Hüseyn Həşimli, Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev, Riyazi analiz kafedrasının müdiri, dosent Elşad Ağayev və kafedranın müəllimi, dosent Sahib Əliyev çıxış edərək universitetin müxtəlif dövrlərdə keçdiyi inkişaf yolundan bəhs ediblər.

Culfa Rayon Təhsil Şöbəsinin Metod Mərkəzinin direktoru Qabil Abbasov, Culfa şəhər 3 saylı məktəbin təşkilatçısı Vidadi Abbasov və məktəbin gənc müəllimi Vüsalə Hüseynli məzunu olduqları universitet haqqında xoş xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Universitetə aid Albom-Kitab məktəb direktorlarına hədiyyə olunub. Sonda xatirə şəkli çəkdirilib.