Sayt xəritəsi

XƏBƏRLƏR

TƏLƏBƏNİN ƏSƏRLƏRİNDƏN İBARƏT KONSERT PROQRAMI

19.04.2017

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Bəstəkarlıq ixtisası üzrə I kurs tələbəsi Hakim Məmmədovun əsərlərindən ibarət konsert keçirilib. Universitetin 50 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar Tofiq Bakıxanovun və professor Hökümə Əliyevanın iştirakı ilə keçib.

Fakültə dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb. Müəllif haqqında məlumat verən dekan qeyd edib ki, Hakim Məmmədov 2008-2012-ci illərdə Naxçıvan Musiqi Kollecinin Tar sinfini bitirib. 2012-ci ildə Naxçıvan Musiqi Kollecində Kamera Orkestrinə rəhbərlik edib. Hazırda Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

Konsert proqramında musiqisi müəllifə aid olan “Naxçıvanım”, “Əlincə”, “Oxu kaman”, “Düşüncə”, “Pyes”, “Biləsən”, “Tarım mənim”, “Ana” əsərləri ifa olunub. Xalq Çalğı alətləri ansamblının peşəkar musiqi müşayəti ilə ifa olunan əsərlər tədbir iştirakçılarına gözəl ovqat bağışlayıb.

Konsertdən sonra çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri zəngin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zəngin folklor ənənələri olan bir ölkədir. Bu ənənələrin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlər həyata keçirilir, İncəsənətin bütün sahələri yüksək dövlət qayğısı ilə əhatə olunub. Gənc bəstəkarı təbrik edən rektor bundan sonra da əzmlə çalışaraq istedadını inkişaf etdirməyi, Azərbaycan musiqi sənətinə dəyərli töhfələr verməyi tövsiyə edib.

Tədbirin qonağı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb.  Konsertlə bağlı təəssüratlarını bölüşən bəstəkar tələbənin ifalarından ibarət konsertin keçirilməsini böyük sənət nailiyyəti kimi dəyərləndirib.

Sonda xatirə şəkli çəkdirilib.