Sayt xəritəsi

XƏBƏRLƏR

YENİ AZƏRBAYCAN PARTİYASI VƏ TƏLƏBƏ GƏNCLİYİN İNKİŞAFI MƏSƏLƏLƏRİ

21.04.2017

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatı ilə birgə “Yeni Azərbaycan Partiyası və tələbə gəncliyin inkişafı məsələləri” adlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Yeni Azərbaycan Partiyası dünənin tələbi ilə doğulan, bu günün və gələcəyin lider partiyası, xalqın inam, güvənc yeri, həmrəylik və birlik rəmzidir.

YAP Universitet  Şəhərciyi ərazi ilk təşkilatının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Asəf Əliyev “Yeni Azərbaycan Partiyasının gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu” adlı məruzə ilə çıxış edib. Təşkilatın sədri bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də Naxçıvanda xalqa, millətə xidmət etmək üçün yaradılıb. Müdrik siyasətçi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Yeni Azərbaycan Partiyası daha da təkmilləşərək öz məqsəd və məramını həyata keçirməyə başlayıb. Statistik rəqəmləri diqqətə çatdıran Asəf Əliyev vurğulayıb ki, hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının ümumilikdə 1157 üzvü vardır ki, onların 202 nəfərini müəllimlər, 58 nəfərini tədrisə köməkçi heyət, 897 nəfərini isə tələbələr təşkil edir.

Universitet YAP Gənclər Birliyinin sədri Elgün Tağıyev “Yeni Azərbaycan Partiyası və tələbə gənclik” mövzusunda məruzə edib. Vurğulanıb ki, YAP Gənclər Birliyi 1995-ci ildə təsis olunub. Məqsəd gənclərin siyasi cəhətdən təşkilatlanması, gənc tələbələrin ictimai-siyasi fəallığının təmin edilməsi, onların potensial gücünün ali məqsədlərə doğru düzgün istiqamətləndirilməsini təşkil etməkdən ibarətdir. Məruzədə Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin vəzifələri və gördüyü işlər barədə ətraflı məlumat verilib.

Bədən tərbiyə və idman kafedrasının əməkdaşı Nicat Allahverdiyev “Universitet gənclərinin idmanda uğurları” adlı məruzəsində bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin ən uğurlu və prioritet məsələlərindən biri  gənclər siyasətidir. Bu da gənclərə ictimai həyatın bütün sahələrində fəal iştirak etməyə geniş imkanlar yaradır. Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışan Nicat Allahverdiyev buna misal yeni-yeni idman komplekslərinin tikilib istifadəyə verilməsini, maddi-texniki bazanın gücləndirilməsini, idmançılarımızın mötəbər yarışlarda iştirakını və s. göstərib.

Tələbə Elmi Cəmiyyətinin sədri Bətulə Əlizadə “Partiya üzvü olan tələbələrin elmi fəaliyyəti” adlı məruzəsində Tələbə Elmi Cəmiyyətinin vəzifələri, tələbələrlə aparılan işlər, elmi-tədqiqat işlərinin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi Yeni Azərbaycan Partiyasının Universitet Şəhərciyi Ərazi ilk təşkilatında birləşib. Cari tədris ilində 600 baldan yuxarı nəticə göstərmiş tələbələr də daxil olmaqla 150-dən çox tələbənin partiya sıralarına qoşulmaq üçün ərizə ilə müraciət etməsi Yeni Azərbaycan Partiyasının gənclər arasında artan nüfuzunun bariz göstəricisidir.

Sonda universitet rəhbərliyi tərəfindən Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.