Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-50 ORDUBAD

01.05.2017

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi Ordubad şəhərində qeyd olunub.

Ordubad şəhər təhsil işçilərinin, müəllim və şagirlərin iştirak etdiyi tədbiri giriş sözü ilə Ordubad şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Elvin Məmmədov açıb. O, məzunu olduğu universitet  barədə qısa məlumat verərək bu gün burda toplanmaqlarının mahiyyətini açıqlayıb. O, vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin məzunu adını daşımaqdan qürur hissi duyur və çox istərdi ki, orta məktəblərdən bu il məzun olacaq abituriyentlər ali təhsil ocağı olaraq məhz  Naxçıvan Dövlət Universitetini seçsinlər.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov  Naxçıvan Dövlət Universitetinin yarım əsrdə keçdiyi uğurlu inkişaf yolu barədə  məlumat verib. Qeyd edilib ki, 1967- ci ildən fəaliyyət göstərən bu ali tədris ocağı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universiteti, müasir mərhələdə qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzidir.

Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Yasin Babayev çıxış edərək vurğulayıb ki, 2015-2016-cı tədris ili universitet üçün daha yaddaqalan olub. Belə ki, Cənubi Koreyanın KOİCA şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən  Naxçıvan Dövlət Universitetində qurulan Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu Azərbaycan ali təhsil məkanında büdcəsinə və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşüb.

Ümumi tarix kafedrasının dosenti Ələkbər Cabbarlı qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin məzunları bu gün yalnız Naxçıvan Muxtar Respublikasının sosial-mədəni həyatında deyil, bütövlükdə ölkənin mədəni həyatında, hətta ölkə hüdudlarından kənarda da ölkəmizi layiqincə təmsil edirlər.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının şədri, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev çıxışında vurğulayıb ki, hər bir xalqın gələcəyi onun gənc nəslinin necə böyüyüb təlim-tərbiyə almasından asılıdır. Naxçıvan Dövlət Universitetində Azərbaycan gəncliyinə ölkənin, muxtar respublika rəhbərliyinin dövlət qayğısı daim hiss olunur. Universitet gəncləri milli dəyərlərə, azərbaycançılığa, elmə yiyələnməkləri yolunda uğurla xidmət göstərir.

Ordubad şəhər 3 saylı tam orta məktəbin müdiri Əliağa Rzayev və Ordubad rayon Gənzə kənd tam orta məktəbinin müdiri Nazim Nəcəfov tədbirdə çıxış edərək Naxçıvan Dövlət Universitetinin Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar. Hər iki natiq universitetlə bağlı xatirələrini bölüşüb.

Sonda universitetə aid albom-kitab təhsil işçilərinə təqdim olunub.