Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-50 ŞƏRUR

04.05.2017

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Dövlət Universitetinin növbəti yubiley mərasimi Şərur şəhərində keçirilib.

Tədbiri giriş sözü ilə Şərur rayon Təhsil şöbəsinin müdiri Zaur Həsənov açıb. Qonaqları salamlayan Zaur Həsənov özü də Naxçıvan Dövlət Universitetinin məzunu olduğunu və bununla qürur duyduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı komitəsinin sədri Elşən Məmmədov çıxışında Naxçıvan Dövlət Universitetinin 50 illik tarixi barədə qısa məlumat verib. Qeyd olunub ki, 1967- ci ildən fəaliyyət göstərən bu ali tədris ocağı Naxçıvan Muxtar Respublikasında savadlı, bilikli, intellektual nəslin yetişməsində müstəsna əhəmiyyət daşıyır ki, universitetin belə yüksək səviyyədə fəaliyyətində ölkə və muxtar respublika rəhbərliyinin diqqət və qayğısının böyük payı var. Bu universitetin məzunları ölkəmizin ictimai-siyasi həyatına öz töfələrini verir. Vurğulanıb ki, universitet dünyanın 75 universiteti ilə dostluq-əməkdaşlıq əlaqələri qurub. Hazırda Naxçıvan Dövlət Universitetində 12 dövlətdən 300-ə yaxın tələbə təhsil alır.

Pedaqogika və Psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayev çıxış edərək vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti yerli kadrların hazırlanmasında mühüm rol oynayan bir ali təhsil müəssisəsidir. Burada yalnız müəllim kadrlarının deyil, gələcəyin həkim, mühəndis, jurnalist və digər peşə sahiblərinin də yetişdirildiyi bildirilib.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Şəmil Mahmudov tədbirdə çıxış edərək rəhbərlik etdiyi fakültə barədə qısa məlumat verib. Vurğulanıb ki, fakültədə laboratoriyalar ən son avadanlıqlarla təchiz olunub, tələbə və müəllimlərin rahat təcrübə aparmaqları üçün lazımi şərait yaradılıb.

Fizika-riyaziyyat fakültəsinın dekanı, dosent Orxan Cəfərov bildirib ki, Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsi muxtar respublikanın orta məktəblərilə mütəmadi olaraq əlaqə saxlayır, fakültənin müəllimləri tərəfindən ayda bir dəfə orta məktəblərdə nümunəvi dərslər keçirilir.

Magistratura fakültəsinin dekanı, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov ömrünün 12 ilini Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə həsr etdiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib. O bildirib ki, qürurverici haldır ki, yalnız Naxçıvan Dövlət Universitetinin məzunları deyil, digər universitetlərin məzunları da magistr təhsili üçün Naxçıvan Dövlət Universitetini seçirlər. Belə ki, magistratura fakültəsinə 2016-cı ildə 136 bakalavr qəbul olub ki, bunlardan da 39-u Azərbaycanın müxtəif universitetlərinin məzunlarıdır.

Universitet Elmi Şurasının elmi katibi, dosent Elçin Zamanlı qeyd edib ki, universitet Elmi Şurasının fəaliyyəti tədris və elmi işlərlə əlaqəlidir. Naxçıvan Dövlət Universiteti yüksək elmi potensiala malikdir. Bunu ümummilli liderimiz Heydər Əliyev də hələ burada fəaliyyət göstərdiyi illərdən yüksək qiymətləndirib.

Tədbirə yekun vuran universitetin Həmkarlar İttifaqı komitəsinin sədri Elşən Məmmədov  tədbirin təşkilinə görə universitet rəhbərliyi adından Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Məmməd Qəribova və Şərur rayon Təhsil şöbəsinin müdiri Zaur Həsənova minnətdarlığını bildirib.

Sonda “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı film nümayiş olunub.