Sayt xəritəsi

XƏBƏRLƏR

«VERGİLƏR» MÖVZUSUNDA OLİMPİADA KEÇİRİLİB

11.05.2017

Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Vergilər» mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib. http://vergiler.az saytına istinadən bildirək ki,olimpiadanın ilkin seçmə mərhələsi aprel ayının 16-da Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Univerisitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad və «Azərbaycan» universitlərində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər şəhərlər üzrə Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində, bir gün sonra isə Lənkəran Dövlət Universitetində keçirilib. Bu mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Muxtar Respublikasının ali məktəbləri üzrə 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetində isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak edib. İmtahan şəffaf şəraitdə keçirilməklə nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqə davam edib və vaxtında başa çatdırılıb. İmtahanın gedişatına vergi orqanlarının məsul şəxsləri tərəfindən nəzarət edilib və nəticələr qiymətləndirilmə üçün Vergilər Nazirliyinin Tədris Mərkəzinə verilib. Olimpiadanın ilkin mərhələsindən uğurla keçmiş 61 nəfər bakalavr və magistr yekun mərhələdə iştirak etmək hüququ qazanıblar.


Olimpiadanın ikinci-yekun mərhələsi başlamazdan əvvəl  Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanışlıq olub, dərs prosesinin gedişatı izlənib.  Sonra ölkəmizin 17 ali məktəbini təmsil edən 300-dən yuxarı tələbə və magistri Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Nəticələr imtahan komissiyasının iştirakı və nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə müəyyən edilib.

Vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov olimpiadanın nəticələrinə yekun vuraraq bildirib ki, ənənəvi olaraq hər il keçirilən bu bilik yarışmasının təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan gənclərin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisələrin yetişdirilməsi üçün zəmin yaradılmasıdır.

ADİU-nun Elm Mərkəzinin rəhbəri, professor Zahid Məmmədov çıxış edərək qeyd edib ki, o dövlət ki, güclüdür, deməli, onun güclü vergi sistemi var: «Müstəqil Azərbaycanın dayanıqlı vergi sistemi mövcuddur. Bu gün Vergilər Nazirliyinin güclü kadrları, geniş madditexniki bazası var.  Bu baxımdan, təklif edərdim ki, Vergilər Nazirliyinin Tədris Mərkəzinin nəzdində «xalq məktəbləri» açılsın və vergi sahəsində tələbələrin, iş adamlarının, ictimaiyyətin maarifləndirilməsi ilə əlaqədar işlər burada davam etdirilsin».


Z.Məmmədov bildirib ki, vergi olimpiadalarının qalibi gələcəkdə vergi orqanlarına imtahansız qəbul oluna bilər: «Lakin qaliblərin əksəriyyəti maliyyə və ya vergi ixtisası üzrə təhsil almadıqlarından,  gələcəkdə müəyyən problemlərlə qarşılaşa bilərlər. Buna görə də yaxşı olardı ki, vergi olimpiadasının qalibləri - tələbələr, magistrantlar öz istəkləri ilə ixtisaslarını dəyişə bilsinlər».


Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov bütün iştirakçılara minnətdarlığını bildirib, ən yüksək nəticə göstərmiş bakalavrlar və magistrlərin, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qaliblərə təbriklərini çatdırıb. Beləliklə, imtahanın nəticəsinə əsasən, bakalavrlar arasında Zeynalabdin Cəfərov (1-ci yer, Naxçıvan Dövlət Universiteti),  Muxtar Cəbrayılov (2-ci yer, Azərbaycan Universiteti), Pərvin Musayev (3-cü yer, Sumqayıt Dövlət Universiteti); magistrantlar arasında Qənbər Məmmədli (1-ci yer, Naxçıvan Dövlət Universiteti), Əmmənsə Süleymanova (2-ci yer, Naxçıvan Dövlət Universiteti), Aqil Vəliyev (3-cü yer, Azərbaycan  Dövlət İqtisad Universiteti) mükafata layiq görülüblər.
Qaliblərin təəssüratları belə olub:
 

İsmayıl Bağırov,
Naxçıvan Dövlət Universitetinin müəllimi:
«Vergi olimpiadasının ənənəvi olaraq hər il keçirilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirə yüzlərlə tələbə hazırlaşır ki, bu da vergi mövzusuna marağı artırır. Savadlı, öz işinin peşəkarı olan vergi işçisi kimi, vergi qanunvericiliyini bilən vergi ödəyicisi də yetişdirilməlidir. Çünki qanunvericiliyi bilən vergi ödəyicisi vergidən yayınmaq barədə düşünmür.
Bir müəllim kimi, tələbələrim¬dən çox razıyam. Olimpiadada  3  tələbəmiz mükafata layiq görülüb və bu, çox qürurvericidir. Tələbələrimizin yüksək nəticə göstərmələrinin başlıca səbəbi odur ki, biz dərs zamanı nəzəriyyə ilə yanaşı, praktiki tərəfə də üstünlük veririk».
 

Zeynalabdin Cəfərov,
Naxçıvan Dövlət Universitetinin III kurs tələbəsi:
«Keçən il də vergi olimpiadasında iştirak etmişdim və 3-cü yerə layiq görülmüşdüm. Amma bu nəticə məni qane etmədi və qarşıma məqsəd qoydum ki, növbəti olimpiadada birinciliyi əldə edim. Üzərimdə çox çalışdım və məqsədimə nail oldum. Əldə etdiyimiz uğurlarda müəllimlərimizin və izahlı vergi dəsrliyinin böyük rolu var. İmtahanda 50 sualdan 49-na düzgün cavab verə bildim. Qalib olduğum üçün çox sevincliyəm».
 

Qənbər Məmmədli,
Naxçıvan Dövlət Universitetinin magistri:
«Vergi sahəsi daim dəyişir, yeniləşir. Bu sahəni dərindən bilmək üçün hər an öz üzərində çalışmaq, çox oxuyub, öyrənmək lazımdır. Bu il vergi sistemini irəliyə aparacaq bir sıra dəyişikliklər edilib. Vergi Məcəlləsinə aid dərslərin izahlı formada keçilməsi bizə mövzunu daha dərindən mənimsəməyə əsas yaradır. Bu tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik».