Sayt xəritəsi

XƏBƏRLƏR

FORTEPİANO KAFEDRASININ HESABAT KONSERTİ

17.05.2017

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrası ali təhsil ocağının 50 illiyinə həsr olunmuş hesabat konserti keçirib.

Fortepiano kafedrasının müəllimi Nazilə Qardaşbəyova kafedranın yaranma tarixi, fəaliyyəti barədə məlumat verərək bildirib ki, İncəsənət fakültəsi universitet Elmi Şurasının qərarı ilə 1998-ci ildə,1996-cı ildən fəaliyyət göstərən İfaçılıq kafedrasının əsasında yaradılmış, burada müxtəlif yeni ixtisaslar açılıb. Fakültənin 2008-ci ildən etibarən müstəqil fəaliyyət göstərən Fortepiano kafedrasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, professor Səidə Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimləri Nərminə Qədimova və Solmaz Axundova, Əməkdar mədəniyyət işçisi Vidadi Heydərov və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Rəna Cəfərova fəaliyyət göstərirlər. Nazilə Qardaşbəyova kafedranın sənət uğurlarından danışıb.

Konsert proqramında müxtəlif kurs tələbələri Arif Məlikovun “İki qəlbin  dastanı” operasından kənizlərin rəqsini, Fikrət     Əmirovun “Kor ərəbin mahnısı”nı, Tofiq Quliyevin “Vals”, “Bəxtəvər oldum”, “Arzular”, Mehriban Əhmədovanın “Ana” mahnılarını, eləcə də dünya klassiklərinin məşhur bəstələrini ifa ediblər.

Kafedra müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə  Məmmədova universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

İncəsənət fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, Aktyor sənəti kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov konsert və ifalarla bağlı fikirlərini bildiriblər.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Səidə Məmmədovanın fəaliyyətini yüksək qiymətləndirərək kafedra işçilərini və tələbələri konsertin uğurlu keçməsi münasibətilə təbrik edib.