Sayt xəritəsi

XƏBƏRLƏR

NÖVBƏTİ HESABAT KONSERTİ KEÇİRİLİB

17.05.2017

 Muxtar Respublikanın qabaqcıl ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar mərasimlər davam edir. Universitetin İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq kafedrası da hesabat konsertilə yubileyə öz dəyərli töhfəsini verib.

Əvvəlcə kafedranın fəaliyyəti haqqında qısa məlumat verilərək bildirilib ki, Orkestr alətləri və dirijorluq kafedrası 2012-ci ildə yaradılıb. Artıq 5 ildir kafedra bir sıra iri və kiçik həcmli müxtəlif səpgili akademik konsertlər təşkil edir. Hazırda kafedrada 12 müəllim çalışır ki, onlardan 1-i Əməkdar artist, 1 nəfəri Azərbaycan Respublikasının Xalq artisti, 3-ü dosent, 1-i Pedaqogika üzrə fəlsəfə doktorudur. Bu il kafedra üzrə 7 məqalə, 2 dərs vəsaiti, 3 metodik vəsait, 15 proqram hazırlanıb. Kafedra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,  baş müəllim Validə Vəli qızı Hüseynovanın rəhbərliyi altında mühüm uğur və nailiyyətlərə imza atıb. Belə ki, 2013-cü ildə Bakı şəhərində keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”ndə Naxçıvan Dövlət Universitetinin  “Meridian” vokal qrupunun müsabiqənin ən yüksək Qran-pri mükafatına layiq görülməsi, kafedra müəllimlərinin və tələbələrin müxtəlif əlamətdar günlərə həsr olunmuş tədbirlərdə yüksək səviyyəli çıxışları bunu bir daha təsdiqləyir.

Geniş repertuarı və mükəmməl ifaları əhatə edən konsert proqramında görkəmli Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Emin Sabitoğlunun,Fikrət Əmirovun, Ramiz Mirişlinin, Vaqif Mustafazadənin, Müslüm Maqomayevin ölməz əsərləri ifa olunub. Həmçinin konsertdə görkəmli xarici bəstəkarların əsərlərinə də müraciət olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,  baş müəllim Validə Hüseynovanın bədii rəhbərliyi ilə Əkrəm Məmmədlinin “Naxçıvan suitası” əsərinin möhtəşəm ifası tədbirə yüksək ovqat qatıb, “Heyrati” muğam-marşı isə konsertə təntənəli yekun vurub.

İncəsənət fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, Bəstəkarlıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhmədov, Musiqi təlimi kafedrasının müdiri, dosent İsmayıl Mürsəlov çıxış edərək konsertdən böyük zövq aldıqlarını ifadə ediblər. İfaçılara uğurlar arzulayıblar.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək ümumilikdə İncəsənət fakültəsinin fəaliyyətini yüksək qiymətləndirdiyini, müəllim və tələbələrin işə məsuliyyətindən, hazırlıq səviyyəsindən razı olduğunu bildirib. Rektor qeyd edib ki, növbəti hesabat konsertinin də uğurlu keçməsi buna bariz nümunədir.

Sonda xatirə şəkli çəkdirilib.