Sayt xəritəsi

XƏBƏRLƏR

UNİVERSİTETİN 50 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS

17.05.2017

Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsində universitetin 50 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq 50 illik tarixə malik Naxçıvan Dövlət Universitetində elmin bütün sahələri üzrə kadr hazırlığı işinin yüksək təşkilindən danışıb. Rektor kollektivi yubiley münasibətilə təbrik edərək tələbələrə gələcəyin peşəkar memarı və mühəndisi adını qazanmaq üçün ixtisaslarını yaxşı öyrənməyi, universitetdə yaradılan şəraitdən düzgün və səmərəli şəkildə istifadə etməyi tövsiyə edib.

Memarlıq və Mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov “Naxçıvan Dövlət Universitetində təhsilin formalaşmasında informasiya- kommunikasiya texnologiyalarının rolu” adlı məruzəsində bildirib ki,  müasir dövrdə İKT-nin  inkişafı hər bir təhsil obyektinin və elmi potensialın vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Son illər Azərbaycan təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu sahədə Naxçıvan Dövlət Universitetində də mühüm işlər görülüb. Belə ki, universitetimizdə  yaradılmış multimedia infrastrukturu  təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılmasında, elektron tədris materiallarının və metodik vasitələrin hazırlanmasında xüsusi rol oynayır. Universitetdə müxtəlif fənlərin tədrisində İKT-dən daimi olaraq və səmərəli istifadə üçün fənn kabinələri kompüterlərlə təchiz olunub, onlardan maksimum istifadə üçün lazımi şərait yaradılıb.

“Müasir yol hərəkətinin intellektual idarə olunması” mövzusunda video təqdimatla çıxış edən Nəqliyyat mühəndisliyi kafedrasının laborantı Tərxan Orucov texnika və texnologiyaların inkişafı və təkmilləşdirilməsinin müsbət tərəflərinin olduğu qədər mənfi tərəflərinin də olduğunu diqqətə çatdırıb. Belə ki, insanların müasir dövrümüzdə avtomobillərdən çox istifadə etməsi bir tərəfdən yollarda tıxacların yaranmasına səbəb olur, digər tərəfdənsə insanların psixologiyasına və sağlamlığına mənfi təsir göstərir. Tərxan Orucov bildirib ki, ölkə başçısı İlham Əliyevin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 2006-cı il 1 fevral tarixli  Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib və hazırda bu işlər davam etdirilir.

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Murad Əliyev “Dünyada İKT və Azərbaycan” adlı məruzəsində dünyanın yarandığı gündən müasir dövrümüzə qədərki inkişafı və məruz qaldığı dəyişiklərdən, insanların İKT-nin imkanları ilə imza atdığı uğur və ixtiralardan, günümüzdə İKT-nin rolu barədə danışıb.

Konfransdan sonra ixtisaslararası viktorina keçirilib. Viktorinada Elektroenergetika mühəndisliyi, İnformasiya texnologiyaları, Ekologiya mühəndisliyi və Yerüstü nəqliyyat vasitələri mühəndisliyi komandaları iştirak edib. Hər suala 1 dəqiqə vaxt verilib. Viktorinanın nəticələrinə görə Elektroenergetika mühəndisliyi komandası I yerə, Yerüstü nəqliyyat vasitələri mühəndisliyi komandası II, İnformasiya texnologiyaları komandası isə III yerə layiq görülüb.

Sonda universitet rəhbərliyinin iştirakı ilə Rabitə və İnformasiya texnologiyaları kafedrasının təşkil etdiyi sərgiyə baxış olub. Burada tələbələr hazırladığı cihaz və qurğular, layihə və eskizlər barədə ətraflı məlumat veriblər.