Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ "NAXÇIVANIN TURİZM POTENSİALININ TANIDILMASINDA MEDİANIN ROLU" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

01.06.2017

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərləri Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub, burada fəaliyyət göstərən Media mərkəzi ilə əyani tanış olublar. Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid qonaqları salamlayaraq bildirib ki, Muxtar Respublika Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin Media mərkəzi ən müasir texnoloji avadanlıqlarla təchiz olunub və burada gələcəyin peşəkar  jurnalistlərinin yetişməsi üçün hər cür şərait mövcuddur. Prorektor qonaqlara Universitet televiziyası, “Nuhçıxan” radiosu və mətbuat şöbəsi, həmçinin universitetin “Yeni fikir” qəzeti haqqında ətraflı məlumat verib. Media nümayəndələri müxtəlif radio və televiziya verilişlərinin, xəbərlərin hazırlanması, açıq dərslərin yazılması prosesini izləyiblər.

Daha sonra universitetin Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində KİV rəhbərlərinin iştirakı ilə "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid tədbiri açaraq Naxçıvan Dövlət Universitetinin inkişaf yolu haqqında qısa məlumat verib, jurnalistika ixtisası üzrə kadr hazırlığı işindən danışıb. Prorektor Naxçıvan Dövlət Universiteti ilə ölkəmizdə fəaliyyət göstərən mətbu orqanları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, media nümayəndələrini Azərbaycanın qədim dilbər guşəsi olan Naxçıvanın turizm potensialının təbliğ olunmasında fəal iştirak etməyə dəvət edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin  Naxçıvana səfərinin sayca ikinci olduğunu bildirib. Qeyd olunub ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata keçirdiyi layihə çərçivəsində media rəhbərləri 20 nəfərlik heyətlə Naxçıvana səfər ediblər. Vüqar Səfərli ötən il baş tutan səfərin Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə media arasında əlaqələrin genişlındirilməsi məqsədini daşıdığını söyləyib. Naxçıvanın tarixi və mədəni abidələrlə zəngin olduğunu, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunu deyən icraçı direktor növbəti səfərin məqsədinin Naxçıvanın turizm potensialının tanıdılmasında medianın köməyindən istifadə etməkdən ibarət olduğunu  bildirib.

Universitetin Jurnalistika kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva çıxış edərək Naxçıvan Muxtar Respublikasında KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu deyib. Ş.Şirəliyeva Naxçıvanda azad mətbuatın inkişafının, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılmasının diqqətdə saxlanıldığını söyləyib. Vurğulanıb ki, Muxtar Respublikada televiziya və qəzetlər ən müasir avadanlıqlarla təmin edilib. Hazırda Muxtar Respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla 3 televiziya, 3 radio və 6  nəşriyyat fəaliyyət göstərir. Hazırda “Universitet televiziyası” və “Nuhçıxan” radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə də açıq formada Naxçıvan şəhərində yayımlanır.

Konfransda çıxış edən Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov Naxçıvan Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən olduğunu bildirib: "Muxtar Respublikanın turizm potensialı turistlərin və muxtar respublika ilə maraqlanan hər kəsin diqqətini cəlb edir. Hazırda il ərzində 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan dövlət başçılarının işgüzar görüşlər keçirdiyi, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədilə səyahət edən turistlərin ən çox müraciət etdikləri məkana çevrilib.   Bu gün Naxçıvandakı tarixi abidələr ən yüksək səviyyədə mühafizə olunur, onların dünya mədəni mirasına qazandırılması üçün mümkün olan hər bir tədbir görülür. Bütün bunlar isə müasirləşən qədim Naxçıvanı turistlərə sevdirən və bütün naxçıvanlıları sevindirən işlərdir.

Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, “İki Sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Naxçıvan MR Mətbuat şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Dövlət Televiziyasının əməkdaşlarından Müəllif proqramları və xüsusi layihələr redaksiyasının baş redaktoru Ruhiyyə Rəsulova, Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru Müzəffər Əsgərov, Ədəbi-bədii verilişlər redaksiyasının baş redaktoru Şölə Əliyeva çıxış edərək Naxçıvanın turizm imkanlarından söz açıblar. Muxtar Respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndiriblər.

Konfrans qarşılıqlı müzakirələrlə davam edib. Qonaqlar tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.