Sayt xəritəsi

XƏBƏRLƏR

QAZAXISTAN SƏFİRİ BEYBİT İSABAYEV NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

15.06.2017

Qazaxıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq muxtar respublikaya gəlişindən məmnunluq duyduğunu bildirib. Rektor səfirə universitetin strukturu, maddi-texniki bazası, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib. Görüş zamanı tədrisin və kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən danışan rektor qeyd edib ki, dünyanın 50-dən çox universitetinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitet TEMPUS proqramı çərçivəsində 5 beynəlxalq layihənin iştirakçısıdır. Vurğulanıb ki, tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.

Səfir Azərbaycanın dinamik inkişaf edən, beynəlxalq nüfuza malik bir dövlət olduğunu, təmsil etdiyi ölkənin Azərbaycanla siyasi, iqtisadi tərəfdaşlığa maraqlı olduğunu vurğulayıb. Diplomat ölkəmizin günü-gündən artan nüfuzu, Azərbaycanda təşkil edilən beynəlxalq miqyaslı yarışların-hələ yenicə tamamlanmış İslam oyunlarının ölkəmiz üçün siyasi əhəmiyyətindən danışıb.

Muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb. Səfir Qazaxıstan respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb. Sonda səfir kollektivlə xatirə şəkli çəkdirib.