Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ MÜKAFATLANDIRILIB

20.06.2017

18 iyun İnsan  hüquqları günü münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Xəmsə” intellektual oyununda Naxçıvan Dövlət Universiteti birinci yerə layiq görülüb.  Bu münasibətlə universitetin tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti tərəfindən sertifikat və fəxri fərmanlarla təltif ediliblər.

Bu münasibətlə keçirilən tədbirdə tələbələri təbrik edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Vurğulanıb ki, keçirilən yarışlar gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyin və elmin nüfuzunu artırmaq, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq məqsədini daşıyır. Rektor gənclərə bundan sonrakı yarışlarda uğurlar arzulayıb.

Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev muxtar respublikamızda gənclərin rahat yaşamaları, yaxşı təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün uğurlu dövlət proqramlarının həyata keçirildiyini deyib.

Tədbirdə tələbələr adından çıxış edən Beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Aslan Səfərov ölkəmizdə-o cümlədən muxtar respublikamızda  gənclərin fiziki və mənəvi cəhətdən sağlam, elmli olmaları üçün vacib addımların atıldığını önə çəkərək yeniyetmə və gənclər üçün yaradılmış şəraitə görə minnətdarlıq edib.

Sonra rektor tərəfindən tələbələrin mükafatlandırılması olub.