Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİ NÜFUZLU MÜKAFATA LAYİQ GÖRÜLÜB

23.06.2017

“Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə Naxçıvan  Dövlət Universitetinin  üç müəllimi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub. Mükafatlar müəyyənləşdirilərkən hər üç alimin istedadlı gənc mütəxəssislərin hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanması sahəsindəki səmərəli fəaliyyəti və cəmiyyətdəki fəal ziyalı mövqeyi əsas götürülüb. Belə ki, universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsəvər Əsədov bitki mənşəli arıçılıq məhsullarının biokimyəvi, bioekoloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, o cümlədən elmi-publisistik kitablarına, dərs vəsaitlərinə və ölkədə biologiya elminin inkişafına göstərdiyi xidmətlərə, həmin fakültənin Tibbi Klinik Fənnlər kafedrasının dosenti, tibb üzrə elmlər doktoru İsa Abdullayev kəskin destruktiv pankreatitlərin kriodestruksiyası, müalicəsi, peritonitlərin kompleks müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları, həmin kafedranın dosenti Gültəkin Əliyeva isə izoimmunizasiya fonunda gedən xroniki toksoplazmozun hamiləliyin başa çatmamasında etioloji rolu sahəsində apardıqları uğurlu elmi tədqiqatlara görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına layiq görülüblər. Mükafat komissiyası alimlərin elmi-publisistik kitablarını və ölkədə tibb elminin inkişafına göstərdikləri xidmətləri də nəzərə alıb.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizin iqtisadi qüdrətinin artması fonunda sosial sahəyə daha çox diqqətin göstərildiyini önə çəkib.  Vurğulanıb ki, son illər səhiyyə xidməti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə olunub. Muxtar respublikada peşəkar həkimlərin işi layiqincə qiymətləndirilir, -deyən rektor universitet müəllimlərinin qazandığı bu uğuru Naxçıvanda səhiyyə sisteminə göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Mükafata layiq görülənlərdən İsa Abdullayev həmkarları adından yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Sonra “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomlar müəllimlərə təqdim olunub.