Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TİBB FAKÜLTƏSİNDƏ MƏZUN GÜNÜ QEYD OLUNUB

30.06.2017

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Tibb fakültəsində 13-cü məzuniyyət gününün keçirilməsinin əlamətdar tarixə - Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə, universitetin reytinq cədvəlində I yerə çıxması ərəfəsinə təsadüf etməsini fərəhləndirici hal kimi dəyərləndirib. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində Naxçıvan Dövlət Universitetinin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov çıxış edərək 1999-cu ildə “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasının yaradılmasından danışıb. Qeyd olunub ki, 25 nəfərlik tələbənin qəbulunun aparılması ilə yaradılan fakültədə hazırda 412 nəfər təhsil alır ki, bunların da 73 nəfəri xarici ölkə vətəndaşıdır. Vurğulanıb ki, bu il müalicə işi ixtisası üzrə 21, stomotologiya ixtisası üzrə 16, həmçinin tibbi profilaktika ixtisası üzrə 13 və əczaçılıq ixtisası üzrə 16 məzunumuz səhiyyə müəssisələrinin sərəncamına göndərilir.

Tibbi kadrların yetişməsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rolu mövzusunda çıxışında Səhiyyə Naziri Niyazi Novruzov gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb. Nazir məzunlarımıza cansağlığı, xoşbəxt gələcək, daima xalqımızın sağlamlığının keşiyində layiqlə durmağı arzulayıb.

Valideynlər adından Arzu İlyaslı, tələbələr adından fakültənin 6-cı kurs tələbəsi Sarita Qənbərli məzunlarımızı təbrik ediblər.

Sonra məzunlarımızdan əczaçılıq fakültəsinin tələbələri əczaçı andının, digər ixtisaslar müqəddəs Hippokrat andının  qəbulu mərasimində iştirak ediblər.

Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.