Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV LEKTORİYASININ 214-CÜ MƏŞĞƏLƏSİ KEÇİRİLİB

03.07.2017

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Universiteti”nin yaradılmasının 20 illiyi münasibətilə lektoriyanın 214-cü məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Naxçıvan Dövlət Universiteti elmi şurasının qərarı ilə 1997-ci il 6 martda yaradılan Heydər Əliyev Universitetinin milli dövlətçilik, milli ideologiya, siyasi mədəniyyət və tərbiyə məktəbi olduğunu vurğulayıb. Rektor Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən, bu yolda ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərdən, milli müstəqilliyimizin bugünkü nailiyyətlərindən danışıb. Qeyd olunub ki, lektoriyanın fəaliyyət göstərdiyi 20 il ərzində ümummilli liderin məqsədyönlü və çoxillik dövlətçilik fəaliyyətinə həsr edilmiş məşğələləri dinləyicilər tərəfindən maraqla qarşılanıb. Rektor lektoriyanın bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıb və gənclərə ümummilli liderin ideyalarına sadiq qalmağı tövsiyyə edib.

“20 illik dövlətçilik məktəbi” adlı çıxışında Heydər Əliyev Universitetinin məsul işçisi Şərəbanı Məmmədova lektoriyanın ayda bir dəfədən az olmayaraq keçirilən məşğələləri, ulu öndərimizin milli düşüncə və dövlətçilik idealları ilə zəngin olan mülahizələri, nümayiş olunan  sənədli filmlər, elmi-nəzəri və praktik konfranslardan danışıb. Qeyd olunub ki, bir-birilə üzvi surətdə bağlı dörd bölmədə fəaliyyət göstərən universitet lektoriya, kitabxana, videoteka və muzeydən ibarətdir. Vurğulanıb ki, Heydər Əliyev Universitetinin kitabxanası NDU-nin elmi kitabxanasının tərkibində ayrıca bir şəbəkə kimi fəaliyyət göstərir. Lektoriyanın indiyədək 10 mindən artıq dinləyicisi olduğu da diqqətə çatdırılıb.

Sonda “Heydər Əliyev irsi” adlı filmin nümayişi olub.