Sayt xəritəsi

XƏBƏRLƏR

GÖRKƏMLİ ALİMİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

03.07.2017

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Alimin evində keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov filologiya elmləri doktoru, professor Yavuz Axundlunun keçdiyi mənalı ömür yoluna nəzər salıb. Qeyd olunub ki, bütün mənalı ömrünü pedaqoji fəaliyyətə həsr etmiş alim Naxçıvan ədəbi mühitinin inkişafında mühüm rol oynamaqla yanaşı, muxtar respublikamızda böyük bir ədəbiyyatşünaslıq məktəbinin əsasını qoyub. Rektor Yavuz Axundlunun Azərbaycan ədəbiyyatşünaslıq elmindəki mövqeyindən danışıb, onun geniş elmi yaradıcılığı haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında vurğulayıb ki, anadan olmasının 90 illiyini qeyd etdiyimiz Yavuz Axundlu mənalı ömür yolu keçib, elmi-pedaqoji fəaliyyətinin son 50 ilini Naxçıvan Dövlət Universiteti ilə bağlayıb. Universitetdə fakültə dekanı, tədris və elmi işlər üzrə prorektor vəzifələrində çalışıb, işinə olan yüksək tələbkarlıq sayəsində vəzifəsindən uğurla gəlib.  Professor Yavuz Axundlunun əməyi dövlət tərəfindən qiymətləndirilərək 1966-cı ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2007-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.

Qeyd olunub ki, Yavuz Axundlunun səmərəli elmi-pedaqoji fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqətində olub. Onun yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı rolu nəzərə alınaraq üçcildlik “Seçilmiş əsərləri” nəşr edilib. Bu gün keçirilən 90 illik yubiley tədbiri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Yavuz Axundlunun elmi-pedaqoji fəaliyyətinə verdiyi yüksək qiymətin ifadəsidir.

Rəhman Məmmədov ədəbiyyatşünas alim Yavuz Axundlunu 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib, ona cansağlığı arzulayıb.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Seyid Surə, universitetin müəllimlərindən Hüseyn Həşimli və İman Cəfərli çıxış edərək Yavuz Axundlunun onların elmi fəaliyyətinə təsirindən danışıb və yubilyar haqda xatirələrini bölüşüblər.

Universitet rektoru tərəfindən yubiliyara fəxri fərman təqdim olunub.

Yubilyarın qardaşı Ramiz Axundov göstərilən diqqət və qayğıya  görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ailə üzvləri adından minnətdarlığını bildirib.