Sayt xəritəsi

XƏBƏRLƏR

BELÇİKA KRALLIĞININ ÖLKƏMİZDƏKİ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ BERT SKUFS NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ

07.07.2017

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

Universitetlə tanışlıq zamanı səfir əvvəlcə İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olub. Səfirə məlumat verilib ki, kamera nəzarət sistemi otağında 2 kompüter, kameralara nəzarət etmək üçün 2 monitor quraşdırılıb. Mərkəzdə bütün məlumatların yaddaş serveri, İP telefon serveri, müşahidə kameralarının yaddaş qurğusu, elektron təhsil serveri, akademik idarə etmə serveri, 2 ədəd portal serveri, bütün məlumatların arxivləşdirilməsi üçün server, messenger server, elektron poçt serveri yerləşdirilib. Server otağında internet paylaşdırıcı sviçlər və yanğından mühafizə sistemi quraşdırılıb.

Media mərkəzində olan səfir Universitet televiziyasında verilişlərin hazırlanması, onlayn dərslərin yazılması prosesini izləyib, çəkilişlərin aparıldlğı studiyada olub.

Keçirilən ikitərəfli görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri,tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti TEMPUS və Erasmus+ beynəlxalq təhsil proqramları üzrə müxtəlif layihələrin fəal iştirakçılarından biridir  və həmin layihələr çərçivəsində İspaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya və digər dünya universitetləri ilə müəllim-tələbə mübadiləsini uğurla həyata keçirməkdədir. Həmçinin universitetin müəllim və tələbələri mütəmadi olaraq dünya universitetlərində müxtəlif treninq və təcrübələrdə olurlar. Hazırda universitetdə təhsil alan xarici tələbələrin sayı 250-ə yaxındır. Rektor dünya universitetlərilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu və yaxın gələcəkdə Belçika universitetləri ilə də təhsil sahəsində əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Seymur Talıbov səfiri  salamlayaraq diplomatın Naxçıvan Dövlət Universitetinə gəlişindən məmnunluğunu bildirib.

Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufs səmimi qəbula görə dərin minnətdarlığını ifadə edib. Səfir Naxçıvanda Avropa standartlarına cavab verən və geniş beynəlxalq əlaqələrə malik ali təhsil ocağının fəaliyyət göstərməsini ölkə və muxtar respublika rəhbərliyinin təhsil sahəsindəki böyük nailiyyəti kimi dəyərləndirib.Sonra universitet rəhbərliyinə hədiyyə təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.