Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ NƏBATAT BAĞINDA OLUB

10.07.2017

Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Babək Rayon Şıxmahmud kəndi yaxınlığında yerləşən Nəbatat bağında olublar.

Ziyarətçilərə məlumat verilib ki, bu unikal məkanın yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına daxil edilmiş bəzi bitki növləri mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin Biologiya və Coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçilir.

Qeyd edilib ki, hazırda Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər olmaqla, 10 bölmə yaradılıb və 100-dən çox bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb.

Nəbatat bağı ilə tanışlıq universitet əməkdaşlarında xoş təəsürat yaradıb.