Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ULU ÖNDƏRİN SİYASİ HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 48-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

14.07.2017

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü qeyd olunub. Bu münasibətlə universitetdə fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın 215 məşğələsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu olduğunu deyib. Vurğulanıb ki, xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyət dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə milli inkişaf platformasını gerçəkləşdirməyə müvəffəq olub ki, bu da, öz növbəsində, Azərbaycanı dövlət müstəqilliyinə hazırlamaq idi. Rektorun sözlərinə görə, yaşadığımız bu firavan günlərin, neçə-neçə aydın səhərlərin, əbədi və dönməz müstəqilliyin təməli məhz o illərdə qoyulub. Bu mənada ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcıdır.

Daimi inkişafa və tərəqqiyə qovuşan yolun başlanğıcı adlı çıxışında ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov qeyd edib ki, 14 iyul tarixi Azərbaycanın həyatında ona görə dönüş günüdür ki, o gündən Azərbaycanda Heydər Əliyev yolu başlayıb. Azərbaycan Heydər Əliyev yolu ilə tanınıb, inkişaf edib, azad və müstəqil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan sanki yenidən doğulub. Bu mənada ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr – 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.

Bildirilib ki, dahi rəhbər Heydər Əliyev iki bir-birinə zidd olan quruluşda – sosializm və kapitalizmdə Azərbaycanı məharətlə idarə etməyi bacarıb. Müqayisə aparsaq, görərik ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artım tempinə görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkə kimi tanınır. Ən önəmlisi də odur ki, bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də sonrakı illərdə və indi də həyatımızın bütün sahələrində özünü göstərməkdədir.

Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent. Mübariz Nuriyev isə qeyd edib ki, Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə – Heydər Əliyev zirvəsi ucalır. Bu zirvə dünyanın hər yerindən görünür. Da¬¬hi şəxsiyyət Heydər Əliyev Azər¬baycanın ucalığıdır, əzəmətidir, vüqarıdır.

Tədbirə yekun vuran rektor bir daha vurğulayıb ki, illər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır.