Sayt xəritəsi

XƏBƏRLƏR

"NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ MƏNİM HƏYATIMDA” YAZI MÜSABİQƏSİNİN MÜKAFATLANDIRMA MƏRASİMİ OLUB

14.07.2017

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixli Sərəncamdan irəli gələn  “Tədbirlər planı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yazı müsabiqəsinə yekun vurulub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yüksək ixtisaslı kadrların yetişməsində, elmi və ali təhsil mühitinin formalaşmasında Naxçıvan Dövlət Universitetinin artan nüfuzundan və son illərdə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, ERASMUS+, TEMPUS layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq ilbəil genişlənir. Rektor hərtərəfli dövlət qayğısı ilə əhatə olunan universitet gənclərini göstərilən yüksək qayğıdan layiqincə bəhrələnməyə, ölkəmizin parlaq gələcəyi və hərtərəfi inkişafı naminə səylə çalışmağa səsləyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Gənclər Fondunun sədri Məmməd Babayev həyatımızın müxtəlif sahələrində gənclərin rolundan danışıb. Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti məzunları muxtar respublikanın ictimai-siyasi həyatında aktiv rol oynayır, bugünkü gənclik mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsində yaxından iştirak edir.

Müsabiqə komissiyasının sədri, Jurnalistika və Dünya Ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva tələbələrin təqdim etdiyi yazıları dəyərləndirib.

Dünya ədəbiyyatı ixtisası üzrə II kurs magistrant Səbinə Əliyeva “Naxçıvan Dövlət Universiteti mənim həyatımda” adlı yazı müsabiqəsinin qalibi elan olunub. Menecment ixtisası üzrə IV kurs tələbəsi Əjdər Hacızadə II, Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi Telli Mustafayeva isə III yeri tutub. Jurnalistika ixtisasının IV kurs tələbəsi Aygün Kürdova, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistrant Günel Nəsirli həvəsləndirici yerlərə layiq görülüblər.

Müsabiqədə fərqlənən tələbələr  universitetin rektoru tərəfindən sertifikat və pul mükafatı, Ali Məclisi Sədri yanında Gənclər Fondunun Sədri Məmməd Babayev tərəfindən diplomla təltif olunublar.

Mükafatçılardan Əjdər Hacızadə  göstərilən diqqət və qayğıya görə tələbələr adından öz minnətdarlığını bildirib.