Sayt xəritəsi

XƏBƏRLƏR

22 İYUL MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QEYD OLUNUB

21.07.2017

Naxçıvan Dövlət Universitetində 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü  ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, Həsən bəy Zərdabi ideyalarını və "Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Rektor ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb və hal-hazırda da görülməkdədir.

Heydər Əliyev və Azərbaycan mətbuatı mövzusunda çıxışında universitetin tədris işləri üzrə  prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Qeyd olunub ki, bugün KİV ilə bağlı qəbul edilən qərarların başında ümummilli liderin ideyaları dayanır.Milli mətbutın inkişaf tarixi mövzusunda Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva  əsası 1875-ci ildə H.Zərdabi tərəfindən qoyulan “Əkinçi” ənənələri üzərində ucalan müasir mətbuatımız haqda məlumat verib.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli, universitetin  mətbuat şöbəsinin müdiri Səadət Əliyeva göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını vurğulayıblar.

Sonra  rektor tərəfindən  milli mətbuatın 142 illiyi münasibətilə universitetin media mərkəzində çalışan bir qrup əməkdaşa, “Qeyrət” nəşriyyatında fəaliyyət göstərən işçi heyətinə fəxri fərman  və hədiyyələr  təqdim olunub.