Sayt xəritəsi

XƏBƏRLƏR

1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

28.07.2017

Naxçıvan Dövlət Universitetində 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, xalqın milliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Vurğulanıb ki, ümummilli Liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqındaəsasən hər il qeyd edilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixdə imzaladığı “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqinda” Sərəncamı,   2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti İman Cəfərli “Molla Nəsrəddin” jurnalı və Azərbaycan dili” mövzusunda çıxışında mollanəsrəddinçilərin ana dilinin saflığının qorunması istiqamətində  apardığı gərgin mübarizədən danışıb. Qeyd olunub ki, jurnal fəaliyyəti boyu ana dili uğrunda mübarizənin başında dayanmış, ana dilində yazmağın və danışmağın canlı klassik nümunəsinə çevrilmişdi.    

“Dilimiz ali varlığımızdır” mövzusunda çıxış edən Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyeva dünyada 6700-ə yaxın dil olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan dili öz saflığını 87% qoruyub saxlayan bir dildir. Çıxışda son dövrlərdə dilimizə keçən lazımsız söz və ifadələrdən qorunmağın və gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin vacibliyindən də bəhs olunub.

Konfransda tələbələrin sualları cavablandırılıb, təkliflər və tövsiyyələr dəyərləndirilib.