Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ALİ MƏCLİSİNİN SESSİYASINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

01.08.2017

Naxçıvan Dövlət Universitetində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikamızda  elm və təhsil quruculuğu sahəsində aparılan islahatlardan danışaraq qeyd edib ki,  tədris infra-strukturundan səmərəli istifadə, tədrisin keyfiyyətinin yüksəldilməsi, gələcəyimiz olan gənclərin savadlı, geniş dünyagörüşlü, vətənpərvər və fiziki cəhətdən sağlam yetişdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqətin artırılması, müəllim və tələbə mübadiləsinin davam etdirilməsi, təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verilməsi kimi məsələlər ali və orta ixtisas təhsili müəssisələri qarşısında əsas vəzifə kimi qoyulub. Qeyd olunan istiqamətlər üzrə Naxçıvan Dövlət Universitetində görülmüş işlərdən danışan rektor bildirib ki, 2016-2017-cı tədris ilində universitetdə 149 metodik vəsait, 655 məqalə, 93 tezis nəşr olunub.  Avropanın bir sıra ölkələri, o cümlədən  Ruminiya, Çexiya, Yunanıstan, Rusiya, Gürcüstan və Türkiyənin müxtəlif  ali təhsil ocaqları ilə həyata keçirilən tələbə-müəllim mübadiləsi universitetin beynəlxalq əlaqələrinin inkişafı və əməkdaşlıq baxımından uğurlu olub. Ali Məclisi Sədrinin müvafiq sərəncamı əsasında təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinin əhəmiyyətini vurğulayan rektor bu yanaşmanın tədrisin keyfiyyətinin artmasına verdiyi töhfələrdən danışıb.

“2017-ci ilin birinci yarısında Naxçıvan Dövlət Universitetində aparılan quruculuq və təchizat işləri”ndən danışan İqtisad fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov muxtar respublikamızda tədris infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş təhsil ocaqlarının istifadəyə verilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin nəticiəsdir ki, Naxçıvan Dövlət Universiteti özünün müasir infrastrukturu və möhkəm maddi-texniki bazası ilə regionda sayılıb-seçilən ali təhsil ocaqlarından biridir. İqtisadiyyat fakültəsi üçün yeni tədris  korpusunun tikilməsi bu istiqamətdə görülən işlərin davamı olaraq, dövlətimiz tərəfindən təhsil sisteminə göstərilən qayğının bariz nümunəsidir.

Naxçıvan Dövlət Universitetində yaşıllaşdırma və abadlaşdırma işləri mövzusunda çıxış edən Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov töxumçuluğun inkişafı və elmi əsaslarından da bəhs edib. Qeyd olunub ki, yüksək keyfiyyətli toxumlarla səpin aparıldıqda və aqtotexniki tədbirlər düzgün həyata keçirildiyi təqdirdə məhsuldarlıq ən az 20-30 faiz artmış olur.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Çin Xalq Respublikasının “Huawei”  şirkəti tərəfindən ali təhsil ocaqlarında “Gəlkəcəyin İKT sahəsindəki toxumları”  adlı proqram-layihənin qalibi olan tələbələrin mükafatlandırıllması olub. Rektor Naxçıvan Dövlət Universitetinin yeddi tələbələsinə fəxri fərman və pul mükafatı  təqdim edib. Qeyd edək ki, “Huawei” şirkətində istehsalat təcrübəsi keçən tələbələr informasiya-kommunikasiya texnologiyaları sahəsində bacarıqlarına və keçirilən imtahanlarda topladıqları yüksək ballara görə fərqləniblər.