Sayt xəritəsi

XƏBƏRLƏR

MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT

19.09.2017

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq Milli  Musiqi Gününün tarixindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli irsi  bu gün də layiqincə davam etdirilir.

Musiqili tədbirdə Vokal ifaçılığın tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistr Rahim Əsgərzadənin, Fortepiano ixtisası üzrə II kurs tələbəsi  Səxavət Rəhimovun, Solo oxuma ixtisası üzrə II kurs tələbəsi Rüstəm İbrahimovun, həmin ixtisas üzrə III kurs tələbəsi İlkin Abdullayevin,  Xalq Çalğı alətləri kafedrasının müəllimi Polad Vəlinin, kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun ifalarında Üzeyir Hacıbəylinin “Cəngi”, “Sənsiz”, “O olmasın bu olsun”musiqili komediyasından Məşədi İbadın mahnısı, Qara Qarayevin “Pyes”, Emin Sabitoğlunun “Sən olmuşam” əsərləri və “Ruhani” aşıq havası səslənib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında musiqi, xüsusilə də milli musiqi, muğam musiqi sənəti yüksək dövlət qayğısı ilə əhatə olunub və milli-mədəni irsin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.