Sayt xəritəsi

XƏBƏRLƏR

NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLİB

27.09.2017

Naxçıvan Dövlət Universitetində “Naxçıvanda beynəlxalq turizmin inkişaf istiqamətləri: problemlər, perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkədə, həmçinin Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına göstərilən qayğıdan və bu sahədə görülən işlərdən söz açıb. Bildirilib ki, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, yəni ölkəmiz Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən çoxsaylı layihələr isə ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir.

Bələdiyyə və turizm kafedrasının müəllimi Günel İsayeva “Beynəlxalq turizmin yaranma tarixi və onun Naxçıvan turizminə təsiri” adlı məruzəsində  Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialına malik olduğunu və bu qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət,müalicə,dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Tədbirdə universitetin elmi işləri üzrə prorektoru, dosent Mübariz Nuriyevin, Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimovanın, kafedranın müəllimi, dosent Hafiz Hüseynovun, Turizm və sosial mədəni servis xidməti ixtisası üzrə I kurs magistr Seymur Məmmədovun mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.

Məlumat üçün bildirək ki, 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.