Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

28.09.2017

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində Naxçıvan Dövlət Universitetinin kollektivi ilə birgə əməkdaşlığın prespektivləri istiqamətində iclas keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Hafiz Yaqubov bildirib ki, muxtar respublikamızda iqtisadiyyatın daha da gücləndirilməsi, yerli xammala əsaslanan təsərrüfat sahələrinin yaradılması üçün atılan hər bir addım dövlətimizin məqsədyönlü siyasətinin nəticəsidir. Ali təhsil müəssisələrində yüksək ixtisaslı kadrların yetişməsi bu sahəyə göstərilən qayğıdan maksimum bəhrələnməyə imkan yaradacaq. Vurğulanıb ki,  geoloji tədqiqatlarda Naxçıvan Dövlət Universitetinin tələbələrinin də yaxından iştirak etmələri, təcrübi biliklərini zənginləşdirmələri, muxtar respublikamızın mineral xammal ehtiyatlarının öyrənilməsində yaxından iştirak etmələri üçün lazımi şərait vardır.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvanın geoloji mühiti regionun ən zəngin xammal ehtiyatlarına malikdir və burada tədqiq olunmağa ehtiyacı duyulan sahələr çoxdur. 2017-2018-ci  tədris ilində Geodeziya və xəritəçilik ixtisasının açılmasını və qəbulun aparılmasını muxtar respublikada bu sahəyə olan qayğının daha bir  nümunəsi kimi dəyərləndirən rektor gələcəkdə idarənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədiylə tələbələri bu sahəyə cəlb olunması istiqamətində işlərin davam etdiriləcəyini dilə gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev tədbir iştirakçılarına idarənin imkanları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kompleksə inzibati bina, Geologiya Muzeyi, çöl tədqiqatları üçün kameral mərkəz, Geoloji Tədqiqatlar Mərkəzi, yeməkxana, avtomaşınların saxlanılması üçün açıq və örtülü dayanacaqlar, eləcə də mexaniki təmir sexi daxildir.

Universitetin Elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev isə muxtar respublikanın təbii sərvətlərinin və mövcud mineral xammal ehtiyatlarının tədqiq edilməsi sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra tədbir iştirakçıları idarənin nəzdində yaradılan Geologiya Muzeyi ilə tanış olublar. Bildirilib ki, muzeyin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və  filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğindən ibarətdir. Muzeydə 3 bölmə - filiz ehtiyatları və qeyri-filiz ehtiyatları, o cümlədən geologiya tarixi bölmələri və Paleontologiya yarımbölməsi fəaliyyət göstərir. Muzey fondunda 700 eksponat vardır. Burada həmçinin, muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də nümayiş etdirilir.

Tədbir iştirakçıları daha sonra Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin İnzibati binası, Geologiya Muzeyi, Çöl tədqiqatları üçün kameral mərkəz və Geoloji Tədqiqatlar Mərkəzinin iş prinsipi ilə də yaxından tanış olublar.