Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN TƏHSİLİ MÖVZUSUNDA LEKTORİYA KEÇİRİLİB

05.10.2017

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi  keçirilib.

5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbiri giriş sözüylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin formalaşdırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Vurğulanıb ki, ümummili lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Təhsil sistemimizin hərtərəfli qayğıyla əhatə olunması dövlətin öz gələcəyini daha etibarlı və işıqlı görəmək əzmindən xəbər verir.

Heydər Əliyev və müasir Azərbaycan təhsili mövzusunda çıxış edən Pedoqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova qeyd edib ki, milli təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq son illərdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları və müasir təhsil kompleksləri tikilib istifadəyə verilir. Sevindirici haldır ki, bu proses nəyiki şəhər və rayon mərkəzlərini, ən ucqar kəndləri də əhatə edir. O da vurğulanıb ki, muxtar respublikamızda müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Lektoriyanın sonunda ulu öndər Heydər Əliyevin Azərbaycanda milli təhsil sisteminin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edən film nümayiş etdirilib.