Sayt xəritəsi

XƏBƏRLƏR

PEDAQOJİ TƏCRÜBƏNİN BAŞLANĞIC KONFRANSI KEÇİRİLİB

09.10.2017

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilinin birinci semestrində aparılacaq pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

Konfransı giriş nitqi ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Məmməd Qəribov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı təmir olunub, lazımi avadanlıqlarla təchiz  olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Naxçıvan Dövlət Universitetində kadr hazırlığı işinin yüksək  təşkilindən danışan nazir universitetin pedaqoji profilli IV kurs tələbələrindən 217 nəfərinin 09 oktyabr-24 noyabr 2017-ci il tarixində muxtar respublikanın 13 tam orta məktəbində pedaqoji təcrübə keçəcəyini diqqətə çatdırıb.

Tədbirdə Naxçıvan şəhər Təhsil şöbəsinin əməkdaşı Qızıllı Əliyeva, universitetin “Ümumi tarix” kafedrasının müəllimi İsmayıl Zeynalov çıxış edərək  öz dəyərli məsləhət və tövsiyyələrini veriblər.