ENACTUS – NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. ENACTUS – biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır.

Enactus – Ali təhsil müəssisələri və biznes strukturları arasında partnyorluq, tərəfdaşlıq və əməkdaşlıqdır. Əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması nəticəsində tələbə komandaları yaşadıqları cəmiyyətdə azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Enactus Təşkilatı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə SIFE müsabiqəsində ABŞ Universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə bu proqrama cəlb edilən tələbələrin sayı 30000-ə yaxın olmuş və müsabiqələrdə 171 komanda iştirak etmişdi. Hal-hazırda 50-ə yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus  WORLD  CUP – da öz ölkələrini və Universitetlərini təmsil edirlər. Enactus genişlənərək dünyanın Universitet əsaslı ən iri təşkilatlarından birinə çevrilib. Enactus komandalarının məqsədi təkcə məlumatlandırmaq deyil, həmçinin auditoriyaya azad sahibkarlığın prinsiplərini anlatmaqla onların potensialının tam olaraq reallaşmasına təkan verməkdir. SIFE komandaları yaşadıqları cəmiyyətdəki insanların həyat səviyyəsini və yaşayış standartlarını təkmilləşdirmək uğrunda çalışır. Enactus – un əsas missiyası bazar iqtisadiyyatının əsaslarını öyrətmək məqsədilə tələbə komandalarının hazırlanmasıdır. ENACTUS – biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır.

Azərbaycan ENACTUS (SİFE) təşkilatına 2005-ci ildə qoşulmuşdur və ENACTUS (SİFE) yarışması üzrə milli çempionatlar keçirilir.  Çempionatın keçirilməsində məqsəd – Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını  tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Naxçıvan Dövlət  Universitetinin ENACTUS (SİFE)  komandası 2008-ci ildə yaradılmışdır. Fəaliyyətinin ilk ilindən başdayaraq NDU-nun ENACTUS (SİFE)  komandası innovasiyalı təhsil proqramlarının inkişafı, azad sahibkarlıq fəaliyyətinin öyrədilməsi, sosial məqsədlərin reallaşdırılması istiqamətində tələbələrin vahid komanda kimi fəaliyyətini koordinasiya edir.

Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq komanda keçirilən yarışmalarda bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışlar. Qazağıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional Forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, “Ən yaxşı biznes layihəsi” və “Ən yaxşı sosial layihə” nominasiyaları üzrə qalib elan edilmişdir.

2010-cu ildə Bakı şəhərində keçirilən milli çempionatda komandamız daha inamla çıxış etmiş, bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin ENACTUS (SİFE)  çempionu adını qazanmışdır. 14 nəfərlik heyətdən ibarət olan komanda ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmişdir. 2010-cu ilin Dünya Kuboku uğrunda yarışmalarda universitetimizin komandası qrup mərhələsində 4-cü yerə layiq görülmüş, təqdim edilən layihələrdən biri “müvəffəqiyyətli məhsul” nominasiyasının qalibi olmuşdur.

2011-ci ilin may ayında Bakı şəhərində keçirilən ENACTUS (SİFE) VI Respublika Çempionatında da NDU-nun komandası 1-ci yerə layiq görülmüş, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş SİFE Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülmüşdür.

2014-cü ildə yenidən Azərbaycan çempionu olan NDU ENACTUS (SİFE)  komandası ölkəmizi Çində keçirilən Dünya çempionatında layiqincə təmsil etmişdir.