Əcnəbi tələbələrin maarifləndirilməsi diqqət mərkəzindədir

Əcnəbi tələbələrin maarifləndirilməsi diqqət mərkəzindədir

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin hüquqi vəziyyəti”nə dair əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov tədbirin keçirilmə məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verərək bildiriblər ki, bu gün Naxçıvan Muxtar Respublikasında müasir təhsil sisteminin formalaşdırılması və inkişafı, eyni zamanda təhlükəsizliyin mütləq sürətdə təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən sistemli tədbirlər, nəticə etibarilə əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Diqqətə çatdırılıb ki, əcnəbi tələbələrin muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan prioritet məsələdir.

Sonra Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Elnur Zellabdinov ölkə ərazisində müvəqqəti olma və yaşama proseduru barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Belə ki, bu gün muxtar respublikaya təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla bərabər, həm də ölkədə müvəqqəti yaşama hüququna malik olurlar. Bununla yanaşı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də nəzərdə tutulub ki, bu da ölkəmizdə əcnəbi tələbələrə humanist yanaşmanın daha bir ifadəsidir.

Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı nəzərdə tutulan mühüm məqamlara toxunub, slayd vasitəsilə tələbələrə geniş məlumat verib.

Sonra universitetdə təhsil alan bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Eyni zamanda Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb, müvafiq müraciətlər qəbul olunub.

Sonda tələbələrin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası da təşkil olunub. Muzeylə tanışlıq zamanı bildirilib ki, cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlamış muzeyin fondunda hazırda 49 mindən çox eksponat vardır və onların 35 mindən çoxu muzeyin əsas fonduna, digərləri isə elmi köməkçi fonda daxildir. Muzeydə sivilizasiya təsnifatına və eksponat çeşidinə müvafiq olaraq 10 bölmə fəaliyyət göstərir. Əlavə olaraq, muxtar respublika ərazisində aşkar edilən daş və tunc dövrünün abidələri, boyalı qablar mədəniyyəti, Kür-Araz mədəniyyətinə aid olan gil parçaları nümayiş olunur, əlavə tərtibat işləri aparılmaqla sərgilər yeni materiallarla zənginləşdirilir.

Xalqımızın qədim və zəngin tarixi, eləcə də mədəniyyəti və etnoqrafiyasını ehtiva edən muzeylə tanışlıq tələbələrdə xoş təəssüratlar yaradıb.

Leave a Reply

Your email address will not be published.