“Əczaçılıq və biokimya” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidovun 70 illik yubileyi qeyd edilib

Bu münasibətlə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında ziyalılara göstərilən qayğının nümunəsi kimi yubileylərin keçirilməsinin ənənəvi hal aldığını bildirib. Diqqətə çatdırılıb ki,  bir çox elmi məqalə ilə bərabər kitabların həmmüəllifi  olan Mürsəl Seyidov uzun illər muxtar respublikada bioloqların yetişməsində xüsusi rol oynayıb.

Tibb fakültəsinin dekanı Elsevər Əsədov yubiliyarın universitetdəki fəaliyyətindən bəhs edərək qeyd edib ki, 2016-cı ildən universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində 2018-ci ildən isə ali təhsil ocağının Tibb fakültəsində müəllim işləyir. Bildirilib ki, alim dərs dediyi müddətdə yüksək insani keyfiyyətləri ilə müəllim və tələbələrin rəğbətini qazanıb.

“Təməl tibb fənləri” kafedrasının müdiri İlhamə Mustafayeva hər zaman gənc kadrlara dəstək olaraq əsl müəllimlik nümunəsi göstərən Mürsəl müəllimin gərgin əməyi nəticəsində muxtar respublikanının zəngin təbiətindən bitki nümunələri toplayaraq “Fitoterapiya kabinəsi”nin yaradılmasındakı rolundan bəhs edib.

“Əczaçılıq və biokimya” kafedrasının baş müəllimi Əzizə Hüseynova universitet kollektivi arasında xüsusi hörmət göstərilən alimlərdən olan Mürsəl Seyidov haqqında öz xatirələrini bölüşüb və yubiliyara elmi uğurlar arzulayıb.

Sonra tələbələr müəllimləri haqqında öz fikirlərini bölüşüblər.

Daha sonra rektor Mürsəl Seyidova universitetin fəxri fərmanını və gül dəstəsini hədiyyə edib.

Sonda yubiliyar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Qeyd edək ki, Seyidov Mürsəl Müseyib oğlu 1951-ci il noyabr ayının 10-da Şahbuz rayonunun Biçənək kəndində anadan olub. 1959-cu ildə Biçənək kənd 8 illik orta məktəbinin birinci sinfinə gedərək 1969-cu ildə Naxçıvan şəhər 7№-li orta məktəbin 10-cu sinfini bitirib. 1977-ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun Təbiət coğrafiya fakultəsinin biologiya və kimya ixtisasına daxil olub və 1982-ci ildə həmin ixtisası bitirərək Biçənək kəndində müəllim işləyib. 2005-ci ilin yanvar ayından Şahbuz Dövlət Təbiət Qoruğunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib və 2011-ci ildən 2017-ci ilə kimi Şahbuz Dövlət Təbiət Qoruğunda direktor vəzifəsini icra edib. 2016-cı ildən NDU-da elmi-peoqoji fəaliyyət göstərir.  Məlumat üçün bildirək ki, Mürsəl Seyidov “Şahbuz Dövlət Təbiət Qoruğunun flora və bitkiliyi” elmi metodik vəsaitin, “Naxçıvan Muxtar Respublikası florasının yabanı tərəvəz bitkiləri” monoqrafiyanın, “Mədəni bitkilərin mənşəyi” dərsliyin, “Zəngəzur Milli Parkı” monoqrafiyanın,  “Propolis şəfa qaynağı”  və “Əczaçılıq botanikası” dərsliklərinin müəllifi və ya həmmüəllifidir.