“Əli bəy Hüseynzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycanda demokratik fikrin formalaşmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

“Əli bəy Hüseynzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycanda demokratik fikrin formalaşmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində “Əli bəy Hüseynzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycanda demokratik fikrin formalaşmasında rolu” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

          Bu münasibətlə keçirilən tədbiri giriş nitqi ilə açan ali təhsil müəssisəsinin Elmi katibi Orxan Cəfərov  qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Diqqətə çatdırılıb ki, Ə.Hüseynzadə bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

          “Əli bəy Hüseynzadə və Azərbaycanda milli demokratik fikrin inkişafı” mövzusunda çıxış edən Fəlsəfə və sosial iş kafedrasının müdiri Bağır Babayev bildirib ki, Əli bəy Hüseynzadə milli mədəniyyət və ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda  böyük maarifçi – pedaqoq – ziyalı,  məşhur həkim-tibb professoru, rəssam, musiqişünas kimi də tanınıb. Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə də dəyərli töhfələr vermiş bu böyük mütəfəkkirin maarifçilik görüşlərində millətin tərəqqi və oyanışında, mədəni yüksəlişində, xalqın maariflənməsində və bu yolda ana dilində tədrisin təməl prinsip olmasında əvəzsiz rolu iştirakçıların diqqətinə çatdırılıb.

          Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev “Böyük türkçü və böyük maarifçi” mövzusunda çıxışı zamanı vurğulayıb ki, Əli bəy Hüseynzadə azərbaycançılıq ideyasının ilk yaradıcısı idi. O öz ədəbi, ictimai-siyasi fəaliyyəti ilə milli ədəbiyyata yenilik gətirib, onu məhdud çərçivədən çıxarmağa çalışıb. Diqqətə çatdırılıb ki, Əli bəy Hüseynzadə bu işləri görə – görə Türk dünyasında ilk dəfə, demək olar ki, özündən sonra bütün türklərin ortaq şüarı halına gələcək olan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunu ortaya qoyub.

          Sonra Fəlsəfə ixtisası üzrə II kurs tələbəsi Ayşən Xudaverdiyevanın “Əli bəy Hüseynzadənin milli kimlik məfkurəsi” mövzusunda çıxışı dinlənilib.

          Sonda Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub.

Leave a Reply

Your email address will not be published.