Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası və Naxçıvan Regional İnformasiya mərkəzinin təşkilatçılığı ilə “13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü” qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası və Naxçıvan Regional İnformasiya mərkəzinin təşkilatçılığı ilə “13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü” qeyd edilib

Keçirilən tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Minurə Musayeva  Naxçıvan Regional İnformasiya mərkəzinin fəaliyyəti, texniki avadanlıqları və fiziki imkanları məhdud şəxslər üçün yaradılan şərait barədə geniş məlumat verib. Mərkəzdə 1000-ə yaxın kitabdan ibarət audiokitabxananın fəaliyyətindən söhbət açan director, görmə imkanı məhdud şəxslərin həmin kitablardan faydalandığını bildirib. Qeyd edilib ki, kitabxanada “Braille display”la (Brayl ekranı) təchiz olunan kompüterlər vasitəsilə istənilən məlumatı əldə imkanı onlar üçün daha asan olur. Mərkəzdə keçirilən “Braille” kurslarında Naxçıvan Dövlət Universitetinin tələbələrinin də iştirak etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının müdiri Fariz Əhmədov   “13 Noyabr – Ümumdünya Gözdən Əlillər Günü ” haqqında  iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, dünyada ilk dəfə gözdən əlillər üçün qabartmalı şriftləri Valentin Qayuinin yaradıb və onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə gözdən əlil uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Fariz Əhmədov fiziki imkanları məhdud olmasına baxmayaraq müxtəlif sahələrdə uğur qazanan və dünyada tanınan şəxslərdən olan Aşıq Veysəl, Didymus, Kristi Braun, Nik Vuyçiç və Con Bramblittin həyat və yaradıcılıqları haqqında ətraflı məlumat verib.

Görmə qabiliyyəti məhdud şəxslərin kompüter tədrisi üzrə mütəxəssisi Elməddin Kərimov vurğulayıb ki, tələbələrin görmə imkanı məhdud şəxslər üçün kitab oxumaları onların öz mütaliələrini inkişaf etdirmək baxımından da müsbət haldır. Naxçıvan Dövlət Universitetinin tələbələlərinin könüllü olaraq fiziki imkanları məhdud şəxslər üçün kitab oxumalarını yüksək qiymətləndirən  Elməddin Kərimov göstərilən qayğıya görə təşəkkür etdiyini bildirib.

Tibbi profilaktika ixtisasının IV kurs tələbəsi Aminə Məmmədova görmə qabiliyyətinin itirilməsinin tibbi cəhətdən necə olduğu, xəstəliyin anadangəlmə və sonradan qazanılması barədə ətraflı məlumat verib.

Sonra iştirkaçılar Naxçıvan Regional İnformasiya mərkəzinin kitabxanası və audiostudiyası ilə tanış olublar.

Leave a Reply

Your email address will not be published.