
Naxçıvan Dövlət Universitetində ilk dəfə heykəltaraşlıq və kulinariya nümunələrinin sərgisi təşkil edilib
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində dekorativ tətbiqi sənət, heykəltəraşlıq nümunələri və kulinariyaya dair sərgi təşkil edilib. Sərgidə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu cür sərgilərin keçirilməsi tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bildirilib ki, çox sevindirici haldır ki, artıq əl işlərinin təqdimi və sərgilərin təşkil edilməsi təkcə İncəsənət fakültəsini əhatə etmir. Ümumilikdə ali təhsil ocağının Pedaqoji fakültəsinin “Texnologiya” mərkəzi də bu sahədə təqdirəlayiq işlər görür. Rektor sərgidə əl işləri nümayiş olunan müəllim və tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bu cür sərgilərin keçirilməsinin artıq universitetdə bir ənənə halını almasını diqqətə çəkən rektor bildirib ki, gələcəkdə sərgilərlə bərabər sərgi-satışların da təşkil edilməsi tələbələrin maddi təminatı baxımdan faydalı ola bilər.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov vurğulayıb ki, ali təhsil ocağında ilk dəfədir ki, heykəltaraşlıq və kulinariya sahəsində sərgi keçirilir. Bildirilib ki, sərgidə universitetin müəllim və tələbələrinin 40- a yaxın əl işləri nümayiş olunur.
Sərgini təşkil edən Təsviri incəsənət kafedrasının müəllimi Əzizə Məmmədova yaradıcı insanlara göstərilən dövlət dəstəyinə görə öz minnətdarlığını ifadə edib.
“Nəfəs alətləri” ixtisası üzrə II kurs magistrant Nicat Əsgərov saksafonda musiqisi Rauf Hacıyevə məxsus “Sevgilim” mahnısını ifa etdikdən sonra “Simli alətlər” ixtisası üzrə I kurs tələbəsi, mahir skripka ifaçısı Nicat Həsənov həmin saksafonu fakültənin dekanına hədiyyə edib.
Tədbir tələbələrin müəllim və tələbələrin kulinariya nümunələrini sərgilədiyi şirniyyat süfrəsi arxasında davam edib.