
“15 iyun-Milli Qurtuluş Günü” ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində gənc partiya üzvləri ilə görüş təşkil edilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya təşkilatının birgə təkilatçılığı ilə “15 iyun Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan Dövlət Universitetində gənc partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, YAP Naxçıvan MR Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov muxtar respublikada gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, gənclərimizin savadlı, dünyagörüşlü və vətənpərvər şəxsiyyət kimi formalaşması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün tam əminliklə demək olar ki, ulu öndərin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Diqqətə çatdırılıb ki, muxtar respublikada da ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Nazir qeyd edib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 40,5 faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdən 12 min 203-ü qadındır. Gənc üzvlərdən 13 min 731-i ali, 1840-ı orta ixtisas, 7 min 507-si orta təhsillidir. Bununla yanaşı üzvlərdən 12 nəfəri fəlsəfə doktoru, 3 min 72-si isə tələbədir. Azad Cabbarov bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər təhsil, səhiyyə, elm, mədəniyyət və incəsənət, darəetmə, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışır.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, tariximizə qızıl hərflərlə yazılmış “15 İyun Milli Qurtuluş Günü” böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər olub. Təhsilə göstərilən yüksək diqqət və qayğıdan danışan rektor diqqətə çatdırıb ki, universitetdə yaradılan müasir tədris şəraiti gənclərin savadlı kadr kimi yetişməsində mühüm rola malikdir. Bildirilib ki, ali təhsil ocağında möhkəm təhsil bazasının formalaşdırılması bu gün gənclərin günün tələbləri səviyyəsində təhsil almalarına gətirib çıxarıb. Universitetdə həyata keçirilən yeniliklərdən danışan Elbrus İsayev yeni yaradılacaq Texnoparkın, müasir avadanlıqlarla təchiz edilən binlarlardakı laboratoriyaların muxtar respublikanın ictimai-siyasi, mədəni həyatına mühüm töhfələr verən gənclərin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya təşkilatının sədri Arzu Abdullayev Ulu Öndərin tarixi misiyasından və Azərbaycan gəncliyinə verdiyi misilsiz xidmətlərdən danışıb. Bildirilib ki, Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycan gerçəkliyinə çevrilib.
Universitetdə təhsil alan gənc partiya üzvü, ingilis dili üzrə I kurs magistrant Lalə Rzayeva gənclər üçün yaradılan geniş imkanlardan danışıb. Bildirilib ki, universitetdə tələbələrin hərtərəfli qayğı ilə əhatə olunması muxtar respublikada nümunəvi gəncliyin formalaşdırılması üçün zəmin yaradıb.
Daha sonra ali təhsil ocağında yeni yaradılan Estrada orkestrinin konsert proqramı təqdim edilib. “Azərbaycan”, “Vətən savaşı”, “Sway”, “”Çırpınırdı Qaradəniz”, “Qaytağı”, “Məşəl kimi yanan ürək” və “İlhamla sabaha” ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin davamında universitetdə təhsil alan Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
Sonda universitetin ictimai və təhsil işlərində fərqlənən gənc partiya üzvləri Gənclər və İdman Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.