2021-ci ilin ən yaxşı rektoru – ELBRUS İSAYEV

2021-ci ilin ən yaxşı rektoru – ELBRUS İSAYEV

11 ildir ki, Qafqazın ən böyük təhsil səhifəsi imicini qoruyub saxlayan “Azərbaycan Universitetləri” səhifəsinin keçirdiyi “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunun qalibi Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev oldu. Qalib rektor universitetin ötən illər ərzində inkişafı istiqamətində görülən işlərin nəticəsində, il ərzində qazanılan uğurlu nəticələrə, təhsil ictimaiyyəti arasındakı rəy sorğusunda nisbi üstünlüyə və tələbələrin səsverməsi əsasında seçildi. Elbrus İsayev Azərbaycan Teleqram seqmentində təhsil kateqoriyası üzrə lider olan “Azərbaycan Universitetləri” səhifəsinin 2013-cü ildən keçirdiyi yarışma üzrə hər 3 sosial şəbəkə səhifələri üzrə keçirilən səsvermədə üzrə qalib seçildi. ( qeyd edək ki,

Ölkənin ən gənc rektorlarından biri olan Elbrus İsayev yenilikçi ideyaları ilə təhsil ictimaiyyəti arasında sayılıb-seçilən rektorlardandır. Ulu Öndərin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözlərinin məsuliyyətini dərindən anlayan, ölkəmizdə və muxtar respublikada aparılan məqsədyönlü gənclər siyasətinə 7 minlik gənclik ordusu ilə dəstək olan Elbrus İsayev tələbələrin dilindən ən az özü qədər anlayan, gənclərə sanballı örnək, ideal nümunədir. Tədbirlərdə hər zaman tələbələrə vətənpərvərlik hissləri aşılayan rektor onlara ilk növbədə vətənini ürəkdən sevib, öz ölkəsinə, millətinə layiq olmaq dərsi keçir. “Məsləhətin yolu uzun, örnəyin yolu isə qısadır” deyiblər. Elbrus müəllim gənc nəsli arxasınca apara bilən, gəncliyə, sabahımıza böyük ümidlər bəsləyən, özü də gənc olmaqla bərabər arxasında təcrübəli ziyalıları belə özünə dəstək hesab edən əsl, peşəkar örnək müəssisə rəhbəridir.

Aristotel deyib ki, gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin fundamentini məhv edər. Məmləkətin gələcəyi naminə gənclərin təlim-tərbiyəsinə üstünlük verməsinin nəticəsidir ki, ali təhsil ocağında Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi öz aktiv fəaliyyətləri ilə seçilir. Belə ki, ilin sonunda Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilin fəal təşkilatı seçilib. Məhz ali təhsil ocağının tələbə təşkilatlarının fəallığı nəticəsində universitet tələbələri muxtar respublikada, Azərbaycanda keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə fəal iştirak edir və qələbə qazanırlar. Tələbələr də göstərilən yüksək dəstək və etimaddan yararlanaraq öz yaradıcı potensiallarını ortaya qoyurlar.

Elbrus İsayev həm də rəhbəri olduğu ali təhsil ocağında çalışan professor-müəllim heyətindən tutmuş texniki işçilərə qədər hər kəsin qarşısında və işlədiyi müəssisə qarşısında etməli olduğu öhdəliklərə diqqət yetirir. Məhz yüksək tələbkarlıq sayəsində müəllimlər də elmi fəaliyyətlərini genişləndirir, xaricdə elmi məqalələr nəşr etdirir, təhsil ictimaiyyəti qarşısında öz sözünü deyən əsl ziyalı imicini qoruyub saxlayırlar. Rektorun məqsədi bu yolla dünya ictimaiyyətini Naxçıvanlı alimlərin əsərləri ilə tanıtmaqdır.

Elbrus İsayevın hədəfləri dəqiq və planlıdır. O, rəhbərlik etdiyi universiteti ən yaxşı universitetlər sırasında görmək istəyir. Və buna da nail olub desək-yanılmarıq. Belə ki, 2021-ci il 3 sentyabr tarixdə “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer alıb. Ali təhsil ocağının qazandığı uğurlar hər zaman beynəlxalq əlaqələrinə yüksək sürətlə təsir edir. Ötən il ərzində universitetdə yeni qurulacaq Texnopark layihəsinə dəstək olmaq məqsədilə qardaş Türkiyənin ən yaxşı universitetlərinə səfərlər etmək, qarşılıqlı müqavilələr imzalamaq dediklərimizə əyani sübutdur.

Əcnəbi tələbələrin sayca çoxluğu da heç kəsi təəccübləndirməsin. Çünki, xarici tələbələr burada özlərini çox rahat və öz ölkələrində olduğu kimi hiss edirlər. Hətta qeyd etmək yerinə düşər ki, onlar da yerli tələbələr kimi maraqlı və yaddaqalan tədbirlər hazırlayır, müxtəlif bayram tədbirlərində birgə fəaliyyət göstərirlər. Bu qeyd olunanlar onu göstərir ki, muxtar respublikada təhsil siyasəti hərtərəfli inkişaf və tərəqqiyə hesablanıb.

Universitetin o sahəsi yoxdur ki, Elbrus müəllimin diqqətindən kənar qalsın. Yeddi minə qədər tələbə kollektivi, mindən çox professor-müəllim heyəti ilə çalışan Elbrus müəllim hər kəsi anlamağa, dinləməyə vaxt tapır. Tələbələr hətta elektron poçt ünvanıyla rektora şəxsən müraciət edir, suallarını, şikayətlərini çatdırırlar.

Ali təhsil ocağına rəhbərlik etdiyi çox qısa müddət ərzində bu qədər canlanmanın şahidi məhz biz olmuşuq. Belə ki, qarşıya qoyulan tələblərlə bərabər müəllimlərin yüksək məsuliyyəti, öz işlərinə olan sonsuz inamı sayəsində universitet daim irəliyə doğru güvənlə addımlayır. Ali təhsil ocağının müvafiq strukturlarında çalışan əməkdaşlar da rektorun qoyduğu göstərişlərə canla-başla əməl edirlər. O yerdə ki, birlik var, orada güc var. Muxtar respublikada aparılan təhsil siyasətinin ən uğurlu bəhrəsi kimi Naxçıvan Dövlət Universitetində hər gün baş verən canlanma, yüksəliş bizim işimizə olan sevgimizi daha da artırır. Bu da kollektivimizi daha səy və bacarıqla işləməyə sövq edir.

Dövlətçilik ənənənələrinə sıx bağlı, vətənini ürəkdən sevib və bu hissi gənc nəslə dərindən aşılayan, Naxçıvan Dövlət Universitetində hər gün yeniliyə imza atan, yorulmadan, usanmadan hər saat ali təhsil ocağının inkişafı və çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən dəyərli rektorumuz Elbrus İsayevi təbrik edirik. İnanırıq ki, ali təhsil ocağımız hələ inkişafın başlanğıcındadır. Uğurlar hələ qabaqdadır…..