Universitetimizdə tədris

Ümumi müddəalar

1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları (bundan sonra “Qaydalar”) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanının 1.3 bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanmışdır.
1.2 Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur.
1.3 Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
- ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorların seçilməsi;
- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;
- hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşması;
- hər bir fənn üzrə ayrıca jurnalın tərtibi;
- tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
- təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;
- fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması.
1.4 Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaratmalıdır.
1.5 Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumları (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq və s.) tərəfindən tənzimlənir.
1.6 Bu qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.

2. ƏSAS ANLAYIŞLAR

2.1 Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
2.2 İxtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir.
2.3 İxtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir.
2.4 Tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.
2.5 İxtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış sənəddir.
2.6 Müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriyaya) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir.
2.7 Tələbənin sərbəst işi – tələbənin fərdi şəkildə nəzərdə tutulmuş tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir.
2.8 Akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində tədris məsləhətçisidir.
2.9 Akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur.
2.10 AKTS (Avropa Kredit Transfer Sistemi) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma trayektoriyasını müəyyənləşdirən sistemdir. Bu sistem həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.
2.11 Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər.
2.12 Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir.
2.13 Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur.
2.14 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədilə tətbiq edilir.
2.15 Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir.
2.16 Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.
2.17 Akademik borcu olan tələbə - fərdi tədris planın qeyd olunan fənlərdən ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. 

3. Tədris prosesi
3.1 Tədris-metodiki təminat
3.1.1 Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il 75 nömrəli qərarı ilə təsdiq olunan “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, 24 iyun 2010-cu il 117 nömrəli qərarı ilə təsdiq olunan “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, 12 may 2010-cu il 88 nömrəli qərarı ilə təsdiq olunan “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirilir.
3.1.2 Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə olunur:
- ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1)
- ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2)
- ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı (forma 3);
- tələbənin fərdi tədris planı (forma 4);
- müəllimin illik işçi tədris planı (forma 5).


3.2 Tədrisin təşkili
3.2.1 Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.
3.2.2 Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Beləliklə, tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlıq, imtahanın verilməsi və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
3.2.3 İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada 90 və ya 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.8 bəndinin ikinci abzasının tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə fənn(lər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi Qaydaların 4.5 bəndinin tələblərinə uyğun həyata keçirilir.
3.2.4 Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlərin ən azı 70%-i eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydaların 3.2.3 bəndinin ikinci abzasının tələbləri gözlənilməklə ödənişli əsaslarla müvafiq ixtisasların fənn(lər)ini seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.
3.2.5 Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşir:

- auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya və s.) dərslərində iştirak etməsi;
- auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;
- təcrübələrdə iştirak etməsi;
- laboratoriya işlərini yerinə yetirməsi;
- kurs işi və layihələrini hazırlaması və müdafiəsi;
- imtahanlara hazırlıq və imtahanları verməsi;
- buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlıq və imtahanı verməsi.
Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
a) məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə.
3.2.6 Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.
3.2.7 Kredit sistemində ali təhsil müəssisəsi tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1) və ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2) hazırlanaraq müvafiq qurumlara, tələbənin fərdi tədris planı (forma 4) və müəllimin illik işçi tədris planı (forma 5) müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcədə ali təhsil müəssisəsinin saytında yerləşdirilir.
3.2.8 Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə (forma 4) özü tərəfindən tərtib olunur. Bu zaman akademik məsləhətçinin (tyutor) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən ali təhsil müəssisəsi ona həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Zərurət yarandığı halda bu tələblərə istisnalar da ola bilər.

3.2.9 İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı (forma 1), tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları (forma 4) əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.
3.2.10 Müəllimlərin illik işçi tədris planı (forma 5) ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
3.2.11 Fənn üzrə semestr göstəricilərinə və imtahan nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn(lər) üzrə akademik borcu qalan tələbə həmin fənn(lər)i yenidən dinləməlidir. Bu zaman tələbə həmin fən(lər)dən dərslərdə iştirak etməklə onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
3.2.12 Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olunan bəzi peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və həmin kreditləri bu Qaydaların tələblərinə uyğun yenidən yığmalıdır.
3.2.13 Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.12 bəndinin müddəaları gözlənilməklə nəzərə alınır.
3.2.14 Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçənlərin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeyd olunma ardıcıllığına görə müəyyənləşdirilir.
3.2.15 Ali təhsil müəssisələrində fənn və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədilə dərs cədvəli fənlər üzrə (müəllim göstərilməklə) tərtib olunur (Forma 6).
3.2.16 Ali təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planlarının əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir.
3.2.17 Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn(lər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn(lər) üçün müəyyən olunmuş kreditləri bu Qaydaların 3.2.11 bəndinin ikinci abzasının tələblərinə uyğun olaraq qazana bilər.
3.2.18 Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirə, seminar, praktik məşğələlər və s. ayrılan akademik saatlara müvafiq müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bir qayda olaraq bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40%-i dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların tərtib edilməsindən və s. ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir. 

3.3.Tələbəinn fərdi tədris planının tərtibi

3.3.1 Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.8 bəndinin tələblərini gözləməklə öz fərdi tədris planını hazırlayır və iyul ayının 5-dən 15-nə qədər fakültəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-na qədər düzəlişlər edə bilər. Fərdi tədris planları təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq olunur, onların bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.
3.3.2 Tələbənin fərdi tədris planında sonradan dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
3.3.3 Dövlət ali təhsil müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı bakalavriat və magistratura səviyyələrində mövcud normativlərlə tənzimlənir. Özəl ali təhsil müəssisələrində isə maliyyə imkanlarını nəzərə alaraq onların özləri tərəfindən müəyyən edilir. Fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa, həmin fənn ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq qaydada dəyişikliklər aparırlar.
3.3.4 Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.

3.4.YAY SEMESTRİNİN TƏŞKİLİ

3.4.1 Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
- akademik borcların ləğv edilməsi;
- fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması;
- müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
- ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
3.4.2 Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunur.
3.4.3 Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.
3.4.4 Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.
3.4.5 Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6 Tələbə yay semestrində iştirakından asılı olmayaraq payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1 bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər apara bilər.
3.4.7 Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürüb dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8 Bu Qaydaların 4.3 bəndinin tələblərinə uyğun olaraq imtahana buraxılmayan tələbə üzrlü səbəbdən semestrdə fənn(lər) üzrə müəyyən olunmuş dərslərin 50%-dən çoxunda iştirak etdiyi halda o, həmin fənn(lər)i yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9 Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi əsasında ödənişli əsaslarla həyata keçirilir.
3.4.10 Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.5 bəndinin tələblərinə uyğun olaraq müəyyən olunur.
3.4.11 Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi əldə etdiyi maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12 Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.13 Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12 bəndində göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəlb olunan digər əməkdaşların əmək haqları ödənilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.14 Özəl ali təhsil müəssisələri yay semestri təşkilatçıları və müəlliminin ödəniş məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər. 

4. TƏLƏBƏLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Tələbə öz fərdi tədris planını tərtib edərkən bu “Qaydalar”la tanış olmalı və onlara ciddi riayət etməlidir.

4.1 Tələbə öz fərdi tədris planını tərtib edərkən bu Qaydalarla tanış olmalı və onlara ciddi riayət etməlidir.
4.2 Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri mənimsəməyə borcludur.
4.3 Fənn üzrə ayrılmış auditoriya saatlarının 30%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
4.4 Tələbə ali təhsil müəssisəsindən aşağıdakı hallarda xaric olunur:
- üzrsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi auditoriya saatlarının 30%-dən çoxunu buraxdıqda;
- ali təhsil müəssisəsinin daxili intizam qaydaları ilə müəyyənləşdirilmiş digər hallarda;
- xüsusi qabiliyyət tələb edən ixtisaslarda tələbənin peşə yararsızlığı müəyyən edildiyi halda.
4.5 Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqları saxlanılmaqla digər müvafiq qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlarını itirir. Bu zaman o, tələbələr sırasından xaric olunmur və kontingentdə saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişi ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölüb götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Bu qaydalar özəl ali təhsil müəssisələrində təhsil alan şəxslərə də şamil edilir.
4.6 Tələbə bu Qaydaların 6.1 bəndinin tələblərinə uyğun digər ali təhsil müəssisələrində də müvafiq fənlər üzrə kreditləri qazana bilər.
4.7 Tələbə öz transkriptini ali təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.
4.8 Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.

5. AKADEMİK MƏSLƏHƏTÇİ (TYUTOR) XİDMƏTİ

5.1 Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.
5.2 Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman dövlət ali təhsil müəssisələrində hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir. Özəl ali təhsil müəssisələri isə bu normativi özləri müəyyənləşdirirlər.
5.3 Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.
5.4 Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
5.5 Tyutorlar:
- tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur;
- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
- tələbələrin fərdi və işçi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
- müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
- tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
- yay semestrinin təşkilində iştirak edirlər.

Naxçıvan Dövlət Universitetində 11 fakültə üzrə 16 tyutor işə cəlb olunmuşdur.

5. Tələbə və müəllim mobilliyi


6.1 Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaqla təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri təhsilalanla göndərən və qəbul edən ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən tanımalıdır. Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30%-ni aşmamalıdır.
6.2 Tələbənin akademik mobilliyinin ali təhsil müəssisələri arasında təmin edilməsi üçün aşağıdakı sənədlər nəzərdə tutulur:
- akademik transkript (forma 7)
- tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması (forma 8)
- tədris razılığı (forma 9)
 - məlumat paketi (əlavə 1)
6.3 Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminar, praktik məşğələlər, laboratoriya keçirilməsi və s.) ali təhsil müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir.

AKADEMİK TƏQVİM