
Açıq mikrofon layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin tələbələrlə görüşü baş tutub
Ali təhsil müəssisəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, komitənin sədri Hüseyn İmanovun moderatorluğu ilə keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirib. Qeyd edilib ki, tələbələrin universitetin elmi və tədris göstəricilərinin irəliləməsində xüsusi rolu var. Tələbə təşkilatları tərəfindən onların fərdi inkişafının təmin edilməsi, onların vətəndaş mövqeyinin gücləndirilməsi, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığının artırılması, tələbələrdə elmi tədqiqata maraq oyadılması, tələbələr arasında maarifləndirmə işinin aparılması istiqamətində işlər görülür. Bildirilib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, olimpiadalar, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyət əldə edirlər. Rektor tələbə təşkilatlarının işini dəyərləndirərək onların təşəbbüsü ilə keçirilən layihələrin və tədbirlərin davamlı hal aldığını diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, tələbələrə elektron təhsildə də geniş imkanlar yaradılaraq, LMS sistemi vasitəsilə mühazirə mətnlərinin, imtahan suallarının əvvəldən sistemə yerləşdirilməsi tələbələrin təhsildə keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir. Beləliklə onlar dərs prosesində vaxtı dəyərləndirərək müəllimlə daha intensiv işləyirlər.
Rektor keçirilən görüşün tələbələr üçün əhəmiyyətində bəhs edərək bu kimi tədbirlərin daimi xarakter almasını bildirib. Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini deyən Elbrus İsayev universitetin rəsmi internet saytında (ndu.edu.az) “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.
Sonra hər fakültə üzrə tələbələr imtahan, seminar və mühazirələrin keçirilməsi, kredit sistemi, dərs vəsaitləri və onları maraqlandıran mövzularda təklif və şikayətlərini rektora ünvanlayıb və suallar ətraflı şəkildə cavablandırılıb.