Akademik Mahmud Kərimovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-texniki konfrans keçirilib

Akademik Mahmud Kərimovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-texniki konfrans keçirilib

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Akademik Mahmud Kərimovun anadan olmasının 75 illiyinə həsr olunmuş  elmi-texniki konfrans keçirilib.

Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qonaqlar Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Muzeyinə baxış olub.  Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı iştirakçılara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.

          Naxçıvan Dövlət Universitetində keçirilən elmi-texniki konfrans Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək Mahmud Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından danışıb. O, görkəmli alimin çoxşaxəli elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını bildirib. Rektor konfransın işinə uğurlar arzulayıb.

          Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının I vitse prezidenti Arif Həşimov qeyd edib ki, Mahmud Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib.

          Vurğulanıb ki, böyük alim AMEA-ya rəhbərliyi dövründə Azərbaycan dövlətinin elm siyasətinə böyük töhfələr verib və elmimiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu görkəmli elm təşkilatçısı Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrdə əlaqələrin xeyli genişlənməsinə xidmət edib.

Bildirilib ki, görkəmli alimin elmi fəaliyyəti elektron paramaqnit rezonans, elektrik sahəsi, polimer, foto, radiasiya prosesləri sahələrini, ötən əsrin 90-cı illərində isə oksid birləşmələr və onların əsasında heterogen sistemlər, yarımkeçiricilər, neft, poliaromatik birləşmələr sahələrini də əhatə edib. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilib və 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri alıb.

Arif Həşimov qeyd edib ki, Mahmud Kərimov 1973-cü ildən akademiyanın Fizika İnstitutunda mühəndis kimi fəaliyyətə başlayıb. 1974-1984-cü illərdə radiasiya tədqiqatları sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 2001-ci ildə həmin sektorun direktoru olub. 2001-ci ildə AMEA-nın prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb. Alim AMEA-ya rəhbərliyi dövründə dövlətin elm siyasətinin regionlarda da uğurla tətbiqinə çalışıb.

 Diqqətə çatdırılıb ki, mərhum akademikin zəngin elmi və elmi-təşkilatı fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

          Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, dosent  Rəvan Mehdiyeva, Radiasiya Problemləri İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İslam Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin müşaviri, akademik Adil Qəribov və ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, 2 ənənəvi və 1 onlayn olmaqla 3 bölmədə iki gün əzində öz işini davam etdirəcək. Elmi-texniki konfrans Radiasiya materialşünaslığı, Radiasiya təhlükəsizliyi, Radioekologiya, Radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələri əhatə edir.

Leave a Reply

Your email address will not be published.