Ali təhsil ocağında “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Ali təhsil ocağında “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Ali təhsil ocağında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə nəşr etdirdiyi “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova, Mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və müstəqil ekspert Rauf Qarayevin birgə fəaliyyəti ilə ərsəyə gələn kitabın təqdimatında  universitetin rektoru Elbrus İsayev çıxış edib, kitabın elmi, təcrübi əhəmiyyətini qeyd edib. Rektor bu dərs vəsaitinin universitetdə bu ixtisas üzrə seçmə fənn kimi tədris edilməsini tövsiyyə edib, tələbələrin peşə hazırlığında kitabın mühüm əhəmiyyə malik olduğu diqqətə çatdırılıb.

“Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov bildirib ki, kitabda əmək müqaviləsi, əmək kitabçası, əmək haqqının hesablanması, əmək məzuniyyətlərinin verilməsi, əmək pensiyalarının tənzimlənməsi, ezamiyyə və kompensasiyaların hesablanması ilə bağlı sualların cavablandırılması həm bu ixtisas üzrə mütəxəssislərin, həm də bu sahə ilə maraqlanan hər bir şəxsin diqqətinə səbəb ola blər. Vergi Məcəlləsində, sosial sığorta haqqında qanunda olan dəyişikliklərin izahı, kommersiya, büdcə təşkilatlarında  mühasibatlıqla bağlı sualların cavabı,  İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu kitabda dəqiq və aydın faktlarla əks olunub.

Naxçıvan MR Maliyyə Nazirliyinin “Gəlirlərin proqnozlaşdırılması” şöbəsinin müdiri Zahid Qəmbərov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılmış Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması, yenidən hazırlanması işini həyata keçirir. Vurğulanıb ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrlər, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar və mühasibat elminə maraqlı digər şəxslər də istifadə edə bilərlər.

Müəlliflər muxtar respublikada elmi, ictimai mühitə göstərilən dövlət dəstəyinə görə minnətdar olduqlarını bildiriblər. Kitabın əhəmiyyətini diqqətə aldıqlarına, təqdimatı keçirdiklərinə görə universitet rəhbərliyinə minnətdarlıq ifadə olunub.