Ali təhsil ocağında ənənəvi olaraq müxtəlif ixtisaslar üzrə ixtisasartırma kursları təşkil edilir
Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün “Texnologiya müəllimliyi” ixtisası üzrə ixtisasartırma kursları təşkil edilib. Tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə birgə bu cür tədbirlərin keçirilməsi, bilik və təcrübə mübadiləsi gələcək pedaqoji fəaliyyət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili, əməkdaşlığın daha sıx davamı baxımından önəmlidir.
Kursun koordinatoru, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxışı zamanı vurğulayıb ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Bildirilib ki, muxtar respublikada bu formada kursların təşkil edilməsi müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi rol oynayır.
“Bu kurslar cəmiyyətin mövqeyində mühüm yer tutan təhsil sisteminə müsbət təsirlər göstərir. Bu cür təlimlərin keçirilməsi biz orta məktəb müəllimləri üçün böyük əhəmiyyətə malikdir və işimizə olan marağı daha da artırır”. Bu fikirlər tədbirdə iştirak edən müəllimlərin çıxışı zamanı dinlənilib.
Daha sonra müəllimlər “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələri ilə tanış olublar.
Nəzərinizə çatdıraq ki, 5 gün davam edəcək kurslar həmin ixtisasları əhatə edən kabinə və mərkəzlərdə hər gün 2 saat olmaqla müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, təlimlərdə 15 nəfər müəllim iştirak edir.