Ali təhsil ocağında “Azərbaycanın xaricdəki diasporunun Azərbaycan həqiqətlərinin və uğurlarının beynəlxalq aləmə çatdırılmasında rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində keçirilən konfransı açıq elan edən Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov çıxışı zamanı diaspor anlayışı və onunla bağlı meydana çıxan problemlər haqqında məlumat verib. Qeyd edilib ki, diaspora vətənindən kənarda yaşayan insanların birliyidir.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Azərbaycanın xaricdəki diasporunun Azərbaycan Respublikasının beynəlxalq aləmə çatdırılmasında rolu” mövzusunda çıxış edib. Qeyd edilib ki, dünyanın 5 qitəsində fəaliyyət göstərən ən mühüm diasporlardan biri Rusiyada fəaliyyətdə olan, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev Fondudur”. Fond Rusiya hökuməti və Rusiya milli kitabxanası ilə bağlanan müqavilə əsasında sistematik olaraq Azərbaycanda çap olunan kitablardan adı çəkilən fonda nüsxələr verir. Vurğulanıb ki, Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci böyük coğrafiya Avropadır. Azərbaycanlıların kompakt halda yaşadığı ölkələrdən birinin də Belçika olduğunu diqqətə çatdıran Şamxal Məmmədov bildirib ki, ümummili lider Heydər Əliyevin Belçikaya 1995-ci ilin aprel ayında səfəri zamanı “Belçika Azərbaycan Evi” üzvləri ilə görüşü diaspor quruculuğu prosesinə stimul verib.
Daha sonra “ Diaspor fəaliyyətində lobbiçilik və Azərbaycan Respublikası uğurlarının beynəlxalq aləmə çatdırılması” mövzusunda çıxış edən “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Gülçin Ağayeva 44 günlük müharibə ərəfəsində və ondan sonraki postmüharibə dövründə xaricdə diaspor təşkilatlarında 100 minlərlə həmvətənlimizin dövlətimizi necə dəstəklədiyini diqqətə çatdırıb.
Sonda adı çəkilən fakültənin III kurs tələbəsi İnci İbrahimova “Diaspor təşkilatçılığı və diaspor fəalliyyətindən” danışıb. Qeyd edilib ki, bir neçə gün bundan əvvəl ölkə prezidentinin Belçikaya səfəri zamanı təşkil olunmuş dəstək aksiyaları diaspor təşkilatçılığına bariz nümunədir.