Ali təhsil ocağında Elm günləri çərçivəsində “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib

Ali təhsil ocağında Elm günləri çərçivəsində “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində keçirilən seminar-müşavirədə ali təhsil ocağının rektoru Elbrus İsayev Tələbə Elmi Cəmiyyətinin nəzdində elmi-tədqiqat fəaliyyətinin ümumi vəziyyətinə nəzər salıb. Qeyd edilib ki, TEC-nin əsas məqsədi ali təhsilli  mütəxəssislərin  hazırlanması  keyfiyyətinin  yüksəldilməsinə yönəldilmiş  elmi-təşkilati  tədbirlərin  həyata  keçirilməsi, tələbələrin  elmi-texniki  potensialının  qorunub  saxlanılması, magistr  və  bakalavr  tələbələrin  elmi  tədqiqat  fəaliyyətini  müasir şəraitə  uyğun  təşkil  etməkdir. Bildirilib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlayaraq çıxış etmək və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir. Rektor  beynəlxalq və  yerli konfranslar, elmi seminarlar, müxtəlif  ixtisas   və  fənlər  üzrə olimpiadalarda, ali məktəblərarası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etməyi qarşıya bir tələb kimi qoyub.

Elm və innovasiyalar bölməsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rza Məmmədov qeyd edib ki, universitetin TEC-i tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. Bildirilib ki, 2019-2020-ci illərdə universitetdə TEC-nin xətti ilə həyata keçirilən mövzuların ümumi sayı 349, tədqiqata yönləndirilən tələbə sayı 349, tədqiqat rəhbərlərinin sayı isə 288-dir.  Tələbələrin elmi tədqiqatlara yönləndirilməsinin vacibliyi, elmi rəhbərlərin rolu haqda danışan Rza Məmmədov diqqətə çatdırıb ki,  tələbə elmi tədqiqat işlərinə rəhbərliyi ali təhsil müəssisəsinin professor və müəllimləri, elmi bölmələrin əməkdaşları və doktorantlar həyata keçirir.

“Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə I kurs magistrant, TEC-nin sədri Təbrizə Bağırova TEC strukturu haqda məlumat verərək tələbələrin bacarıqlarının artırılması və üzə çıxarılması üçün layihələr, təlimlər planı haqda danışıb.  Həmçinin bildirilib ki, TEC xətti ilə hər il universitetdə tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin ortaya çıxarılması istiqamətində müsabiqə keçirilir və qaliblər müəyyənləşdirilir.

Sonra Təbrizə Bağırova fəal mövqeyinə görə universitet tərəfindən təşəkkürnamə ilə təltif edilib. Rektor fakültələrin TEC  rəhbərlərinə üzvlük vəsiqələrini təqdim edib.

Sonda tədbir iştirakçıları fakültənin yeni açılışı olan binasını gəzib, yaradılan imkanlarla tanış olublar.