Ali təhsil ocağında Fəlsəfə və sosial iş kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Məmməd Rzayevin 70 illik yubileyi qeyd olunub

Ali təhsil ocağında Fəlsəfə və sosial iş kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Məmməd Rzayevin 70 illik yubileyi qeyd olunub

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında dəyərli ziyalılara yüksək dövlət qayğısının nəticəsində mütəmadi olaraq müəllimlərin yubileyləri keçirilir. Bu gün 70 illik yubileyi qeyd olunan Məmməd müəllim də ömrünün 48 ilini universitetdə elmi-pedaqoji fəaliyyətə həsr edərək muxtar respublikanın ictimati və elmi mühitində özünəməxsus xidmətləri ilə seçilir. Bildirilib ki, əməyi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilən Məmməd Rzayev çalışdığı illər ərzində ixtisaslı kadrların hazırlanması istiqamətində xüsusi səylə fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, professor əmək fəaliyyəti dövründə muxtar respublikada və universitetdə müxtəlif vəzifələrin icrasında da öz xidmətləri ilə seçilib. Rektor yubliyarı əlamətdar gün münasibətilə təbrik edərək universitet Elmi şurasının fəxri fərmanını, gül dəstəsi və qiymətli hədiyyə təqdim edib.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov yubliyarın həyatı və elmi pedaqoji fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, 250-dən artıq elmi məqalənin və 25 kitabın müəllifi olan zəhmətkeş alimin 30-dan çox əsəri xarici ölkələrdə çap olunub. Diqqətə çatdırılıb ki, respublika mətbuatında 200-dən çox publisist məqaləsi nəşr olunan professor Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, İngiltərə, Almaniyanın  müxtəlif şəhərlərində keçirilən beynəlxalq  elmi  konfranslarda iştirak edib. Vurğulanıb ki, Məmməd Rzayev Ulu öndər Heydər Əliyev ideyalarını və siyasi kursunu yüksək səviyyədə təbliğ etdiyinə görə 2004-cü ildə Heydər Əliyev Fondunun mükafatına, 2008-ci ildə isə “Yeni Azərbaycan” qəzetinin ulu öndərə həsr edilən ən yaxşı məqalə müsabiqəsində birinci yeri sahibi olduğuna görə mükafata layiq görülüb.

Fəlsəfə və sosial iş kafedrasının müdiri, baş müəllim Bağır Babayev qeyd edib ki, dəyərli pedaqoq Məmməd müəllim daim kollektiv içində öz səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilib. Bildirilib ki, yubliyar dərslərdə məsuliyyətli və tələbkar olmağı ilə yanaşı tələbələr tərəfindən də sevilən müəllimdir. Vurğulanıb ki, professor çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı şair, dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi atası Hüseyn Razidən aldığı yaradıcılıq qabiliyyəti ilə ədəbiyyata da xüsusi maraq göstərib.

Sonra çıxış edənlər yubliyar haqqında xoş xatirələrini bölüşüb, ona möhkəm can sağlığı və işlərində uğurlar arzu ediblər.

Daha sonra həmkarları tərəfindən yubliyara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Məmməd Rzayev 8 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1958- 1968-ci illərdə Naxçıvan şəhərindəki 1 və 4 nömrəli məktəblərdə orta təhsil alaraq 1968-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialına qəbul olub və həmin instutun Tarix-filologiya fakültəsinin Tarix ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1974-cü ilin iyun ayından Naxçıvan Dövlət Universiteti fəlsəfə və sosial elmlər kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində, müxtəlif illərdə universitetdə Tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsində çalşıb. Məmməd Rzayev ictimai-siyasi fəaliyyətlə də məşğul olaraq III və IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı kimi fəaliyyət göstərib. Görkəmli alimin xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilərək  2007-ci ildə  “Tərəqqi” medalına, 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına , 2012-ci ildə “Qabaqcıl ali təhsil işçisi”  adına layiq görülüb. Məmməd Rzayev YAP-ın və Beynəlxalq Turizm Akademiyasının üzvüdür.