
Ali təhsil ocağında “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” adlı kitabın təqdimat mərasimi keçirilib
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ümumi təbabət və klinik fənlər” kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın Nuranə Əliyeva və Səməngül Tarverdiyeva ilə həmmüəllif olduğu “Hamilələrdə və uşaqlarda İİV infeksiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov müəllifləri təbrik edib, Gültəkin Əliyevanın peşəkar həkimliklə bərabər pedaqoji fəaliyyətini də yüksək qiymətləndirib. Qeyd edilib ki, bu kitab təkcə dərs vəsaiti kimi tibb tələbələri üçün deyil, hətta bütün ictimaiyyət, sağlamlığının qeydinə qalan hər kəs üçün vacib bir mənbədir.
Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qeyd edib ki, çox şaxəli və yenilənən bir elm olan tibb elmi hər zaman inkişafdadır və hər gün öyrənilməyə və tədqiqə ehtiyacı var. Məhz bu xüsusiyyətləri nəzərə almaqla Gültəkin Əliyevanın yaradıcılıq təşəbbüsləri təqdirəlayiqdir. Müəllifin yaradıcılığını yüksək qiymətləndirən dekan ona gələcək fəaliyyətində uğurlar arzu edib.
“Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva Gültəkin həkimin muxtar respublika səhiyyəsinin inkişafı üçün gördüyü işləri diqqətə çatdırıb və kitab haqqında məlumat verib. Qeyd olunub ki, bu kitabın ərsəyə gəlməsində 53 ədəbiyyat, yeni internet resurslarından istifadə olunub. Burada müxtəlif mənbələr, statistik göstəricilər öz yerini tapıb. Bildirilib ki, İİV- İnsan immumçatışmazlığ virusu QİÇS Qazanılmış İmmun Çatışmazlıq sindromu xəstəliyinin törədicisidir. Xəstəlik ilk dəfə 1981-ci ildə Los Angeles də 5 xəstədə müəyyən olunub. Azərbaycanda QİÇS virusu ilk dəfə 1987-ci ildə Neft Akademiyasında təhsil alan afrikalı tələbədə aşkarlanıb. Vurğulanıb ki, kitabda İİV-nin quruluşu, serotipləri, genləri və zülalları, yoluxma yolları, yoluxmasına şərait yaradan amillər haqda ətraflı məlumat verilir.
Həmin kafedranın müəllimi Ləman Kərimova infeksiyanın yaratdığı fəsadlardan danışıb. Diqqətə çatdırılıb ki, İİV virusu digər viruslardan fərqli olaraq immum sistemini zədələyir. Beləliklə də virus orqanizmi hücum edən xəstəlik və digər faktorların qarşısında çarəsiz, köməksiz buraxır. Vurğulanıb ki, bu xəstəlikdən qorunmaq üçün əhali maarifləndirilməli, gənclər sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən uzaq olmalıdır.
Tibbi profilaktika ixtisası üzrə VI kurs tələbəsi Gülnar Əhmədova slayd vasitəsilə virusun yayılma səbəbləri haqqında məlumat verib. O, qeyd edib ki İİV infeksiyası xəstəxanada müxtəlif yollarla- qan köçürülməsi, cərrahi alətlər və digər tibbi vasitələrlə, orqan transplantasiyası zamanı da parenral keçməsi mümkündür. İİV-in xarici mühitdə bir neçə saatda quruduğundan qurumuş qanda da qısa zamanda- yarım saatda məhv olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, suda bir neçə dəqiqə qaynadaraq ya da 60 dərəcə istilikdə 30 dəqiqə gözlədərək virusu öldürmək mümkündür.
Sonda müəllif universitet mühitində ziyalıların formalaşması üçün yaradılan yaradıcı mühit üçün öz minnətdarlığını ifadə edib.