
Tələbələrin mükafatlandırılma mərasimi olub
Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədrsi ilinin birinci yarısında Naxçıvan Muxtar Respublikası və universitet daxilində keçirilən yarışlarda fərqləndirilən tələbələr mükafatlandırılıb. Müxtəlif idman yarışları, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin də qatıldığı tədbirdə ali təhsil ocağının rektoru, Elbrus İsayev çıxış edib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanları qiymətləndirən-rektor qazanılan uğurları muxtar respublikada gənclərə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirib.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Məmmədəli Rəhimov universitetin idman həyatında qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, universitetin Bədən tərbiyəsi və İdman ixtisası üzrə III kurs tələbəsi Sərcan Məmmədov, həmin ixtisas üzrə I kurs tələbəsi Aslan İsmayılov Makedoniyada keçirilən XI Avropa Şotokan karate çempionatında çıxış edib və III yeri qazanıblar.
Muxtar respublika birinciliyində yüngül atletika üzrə 200 m məsafədə qaçışda Gülayə Cəfərova, 400 m məsafədə qaçışda isə Xatın Orucova qalib olublar. Boks üzrə yarışda Kamran Allahverdiyev, Nizami Novruzov, Bursay İbrahimov I yerə layiq görülüblər. Badminton idman növü üzrə komandamız I yeri, badmintonçu Səba Şirzad isə bu idman növü üzrə qalib adını qazanıb. Oğlanlar arasında keçirilən stolüstü tennis yarışlarında mükafata layiq 3 yeri də universitetin idmançıları tutublar. Şahmat üzrə beynəlxalq turnirlərdə, muxtar respublikada keçirilən şahmat çempionatında ölkəmizi layiqincə təmsil edən şahmatçılarımız var.
Univeristet arasında keçirilən 6 idman növü üzrə yarışlarda ümumi nəticələrə görə 8 xalla Pedaqoji fakültə I yeri, Xarici tələbələr üzrə dekanlıq II, İqtsad və Tibb fakültəsi III yeri tutublar.
Tələbə Gənclər təşkilatının sədri Zümrüd Səfərova universitetin mədəni-kütləvi tədbirlərində tələbələrin fəal iştirak etdiyini bildirib. Vurğulanıb ki, semestrin ən böyük uğuru isə Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının muxtar respublikanın ən yaxşı TGT seçilməsi olub.
Tədbirdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Muxtar respublikada ən yaxşı Tələbə Gənclər təşkilatı” layihəsində qalib adını qazanan “İnam işığı” adlı film nümayiş olunub. Sonra qaliblər universitetin diplomu və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.