
Salam Naxçıvan Dövlət Universitetində mütaliə bağlı tədbir keçirilib.
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitab ən yaxşı dostdur” adlı tədbir keçirilib. Tədbiri universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov açaraq mütaliənin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyətindən söhbət açılıb.
“Kitabxana zamana açılan qapıdır” adlı çıxışında Elmi kitabxananın direktoru Fariz Əhmədov, bildirib ki, insanın bir şəxsiyyət olaraq formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolu danılmazdır. Həyat yolunun müəyyənləşməsində, vətəndaş tərbiyəsində mütaliənin rolunun əhəmiyyəti haqda ətraflı məlumat verilib.
“İnformasiya cəmiyyətində mütaliənin əhəmiyyəti” adlı çıxışında Elmi kitabxananın işçisi Ləman Hüseynova qeyd edib ki, müasir informasiya cəmiyyətində elektron vasitələrə tələbatın artması mütaliənin gənc nəsilə təsir imkanların azalmasına gətirib çıxarsa da, mütaliənin verdiyi mübət cəhətlər heç bir vasitələrlə əvəzolunmazdır.
Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Ruslan Vəliyev “Kitablar dünyamızı işıqlandırır” mövzusunda çıxışında vurğulayıb ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliənin eyni zamanda insanın dünyagörüşünə də müsbət təsiri vardır.
Sonda mütaliəni gənc nəslə necə sevdirməyin yollarını özündə əks etdirən videoçarx nümayiş olunub.