Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə görüş keçirilib
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin universitetin Pedaqoji fakültəsi ilə birgə “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası tələbələrinin növbəti hamilik tədbiri keçirilib.
Tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə mövcud olan vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Rektor “Zəfər günü”müzün bir ili ərəfəsində keçirilən görüşü tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm amil olaraq dəyərləndirib. Vurğulanıb ki, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası tələbələrinin xidmətlə əməkdaşlığı nümunəvi qaydada həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və igid oğullarımızın rəşadəti ilə qazandığımız tarixi qələbə və “Dövlət bayrağı günü” münasibətilə hər kəsi təbrik edib. Polkovnik universitetlə birgə təsdiqlənmiş “Tədbirlər planı”na uyğun olaraq görüləcək işlərdən danışıb. Vurğulanıb ki, tələbələr Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzinin tədris bazasından istifadə edərək nəzəri və praktiki məşğələlər keçəcək, hərbi texnika və silahlarla yaxından tanış olacaq, silahlardan praktiki atışlar həyata keçirmək vərdişlərinə yiyələnəcəklər.
Xidmətin Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifələrindən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemindən danışıb.
2011-ci ildə Naxçıvanda Heydər Əliyev adına hərbi liseydə hərbiyə başlayan, 2014-cü ildə Bakıda Heydər Əliyev adına hərbi liseydə “Yerüstü raket və artileriya ixtisası üzrə 4 il təhsil alan Vətən müharibəsi qazisi baş leytenenat Hüseyn Həsənov keçdiyi döyüş yolundan danışıb. Qazi Cəbrayıl uğrunda Milli qəhrəman Şükür Həmidovun dəstəsində vuruşduğunu və Qubadlı istiqamətində gedən döyüşlərdə yaralandığını qeyd edib. Aldığımız medalları, dövlət təltiflərini şərəflə daşıyırıq deyən – qazi öz döyüş yoldaşları adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Zəfər gününün birinci ildönümü ilə əlaqədar torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında göstərdiyi şücaət və qəhrəmanlığa
görə baş leytenant Hüseyn Həsənov, Əyyub Sadıxov, gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanmasındakı fəaliyyətlərinə görə Pedaqoji fakültənin dekanı Vəli Əliyev, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev təşəkkürnamə, hərbi-vətənpərvərlik tədbirlərində fərqləndiyinə görə bir neçə tələbə fəxri fərmanla təltif edilib.