Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xanəli Kərimlinin 70 illik yubileyi qeyd edilib
Naxçıvan Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin 70 illik yubileyinə həsr olunmuş “Şair könlü bir ümmandır” adlı ədəbi-bədii kompozisiya keçirilib.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti Arif Ağalarovun təqdimatında keçirilən tədbirdə şairin ədəbi yaradıcılığı qiymətləndirilərək qeyd edilib ki, Xanəli Kərimli vətəndaşlıq lirikasının görkəmli yaradıcılarındandır. Onun poetikasında vətənini sevən, doğma diyarın çəkdiyi ağrı-acıları dərindən hiss edən şair ruhu duyulur. Vurğulanıb ki, bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayan Xanəli Kərimlinin ilk şeiri “Toğluqayanın Məmməd Araza məktubu” şeiridir. Bildirilib ki, şair sözün dəyərini dərindən duya bilən və öz xarakteri ilə səmimilik və sadəliyin fövqündə dayanan əsl insandır.
“Teatr və mədəniyyətşünaslıq” kafedrasının müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev Xanəli Kərimlinin yubileyinə dair Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat” qəzetində çap olunan məktubunu oxuyub və şairin poeziyasından bir nümunə bədii qiraət edib.
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova şairin rəngarəng ədəbi-bədii yaradıcılığından söhbət açıb. Bildirilib ki, şairin şeirlərində ümumxalq mənafə, türk xalqları birliyinə sonsuz inam hissi var.
Naxçıvan MR Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədov yubliyarı təbrik edərək ona xoş arzularını çatdırıb. Sonra bəstəkarın Xanəli Kərimlinin “Mən səni sevmişəm” adlı şeirə bəstələdiyi eyniadlı romans səsləndirilib.
Tədbir boyunca Naxçıvan Muxtar Respublikasının əməkdar artist Aqib Seyidovun bədii rəhbəri olduğu “Xalq çalğı alətləri” kafedrasının “Şəms” instrumental ansamblının müşayiəti ilə kompozisiyanın ruhuna uyğun ifalar səsləndirilib.
Naxçıvan Aşıqlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar artisti aşıq Tural Bağırovun saz ifası tədbirə xoş ovqat bəxş edib.
Tələbə Teatr Studiyasının bədii qiraətçiləri şairin “Bir az da sevgidən danış”, Məhəbbət haqqında ballada, “Aparmağa” şeiri və “Öz dilimsən”, Tarix-filologiya fakültəsinin tələbələri isə Bayrağını uca qaldır, Ana Vətən” poemasını bədii qiraət ediblər.
Universitetin rektoru Elbrus İsayev ədəbiyyat və incənətin birgə vəhdətindən təşkil olan yubiley tədbirini yüksək qiymətləndirib. Rektor yubliyarı təbrik edərək ona sağlıqlı ömür, yaradıcılıq uğurları arzulayaraq universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib. Rektor tədbirdə Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanı da 50 illik yubileyi münasibətilə təbrik edib. Hər iki yubliyarın ünvanına xoş sözlər, səmimi arzular səsləndirilib.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli göstərilən xüsusi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Xanəli Kərimli 1951-ci il noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) “Filologiya” fakültəsinə qəbul olub. 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin “Fikir” qəzetinin redaktoru, eyni zamanda 1996-1998-ci illərdə universitetin “Ədəbiyyat” kafedrasında müəllimliklə bərabər 1998-2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərib. Xanəli Kərimli 1987-ci ildə “Cənubi Azərbaycan demokaratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970) ” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.